Azərbaycan teatr ictimaiyyətinə ağır itki üz verib.
Cenublu.az xəbər verir ki, müxtəlif illərdə Lənkəran Dövlət Dram Teatrında baş rəssam və quruluş hissə müdiri kimi fəaliyyət göstərmiş Məmmədyar Cəfərov vəfat edib.
Məmmədyar Cəfərov yaradıcılığı dövründə Üzeyir Hacıbəyovun "Olanlardan-keçənlərdən" və Cəlil Məmmədquluzadənin "Ölülər" əsərlərinə verdiyi bədii tərtibatla yadda qalıb. Hər iki tamaşa Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılır.
O, həmçinin Mirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər", Şıxəli Qurbanovun "Sənsiz", Georgi Xuqayevin "Andro və Sandro", Stanislav Stratiyevin "Avtobus", Sabit Rəhmanın "Toy", Əziz Nesinin "İntihar", Süleyman Rüstəmin "Durna" və Hüseynbala Mirələmovun "Vicdanın hökmü" tamaşalarının quruluşçu rəssamı olub.
Məmmədyar Cəfərov teatrda çalışdığı müddətdə 60-a yaxın tamaşanın səhnə tərtibatını hazırlayıb və Azərbaycan teatr sənətinə mühüm töhfələr verib.
Allah rəhmət eləsin!