Vətəndaşlara saxta zənglər və WhatsApp mesajları ilə bağlı ciddi xəbərdarlıq edilib.
Azərbaycanda vətəndaşları aldatmaq və onların pullarını ələ keçirmək məqsədilə kütləvi kiberdələduzluq cəhdləri müşahidə olunur.
Cenublu.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi əhaliyə xəbərdarlıq edib.
Məlumata görə, son vaxtlar kiberdələduzlar təkcə adi vətəndaşları deyil, müxtəlif dövlət rəsmilərinin yaxınlarını da hədəfə alırlar.
Cinayətkarlar telefon nömrələrini saxtalaşdırmaqla, WhatsApp üzərindən zənglər və mesajlar göndərməklə, həmçinin süni intellekt vasitəsilə insanların səslərini təqlid etməklə vətəndaşları aldatmağa çalışırlar.
Dələduzlar hansı üsullardan istifadə edirlər?
Ən çox rast gəlinən üsullardan biri özünü dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim etməkdir. Dələduzlar insanları müxtəlif bəhanələrlə qorxudur, təhdid edir və onların şəxsi məlumatlarını əldə etməyə çalışırlar.
Digər üsul isə ailə üzvlərinə zəng edərək yaxınlarının başına bədbəxt hadisə gəldiyini və ya təcili yardıma ehtiyacı olduğunu bildirməkdir. Belə hallarda vətəndaşlara psixoloji təzyiq göstərilir, bəzən isə süni intellektlə hazırlanmış saxta səslərdən istifadə olunur.
Dələduzlar saxta internet keçidləri göndərərək bank kartlarının məlumatlarını, təsdiqləmə kodlarını və digər məxfi informasiyaları da ələ keçirməyə cəhd edirlər.
Özünüzü necə qorumalısınız?
Milli Kibertəhlükəsizlik Agentliyi vətəndaşlara aşağıdakı qaydalara əməl etməyi tövsiyə edir:
- Şübhəli zənglər zamanı təşvişə düşməyin və tələsik qərar verməyin.
- Özünü dövlət qurumunun əməkdaşı kimi təqdim edən şəxsə şübhəniz varsa, danışığı dayandırın və məlumatı qurumun rəsmi əlaqə vasitələri ilə yoxlayın.
- Bank kartı məlumatlarını, SMS kodlarını və ikimərhələli təsdiqləmə (2FA) kodlarını heç kimə verməyin.
- Yaşlı valideynlərinizi və digər ailə üzvlərinizi bu cür dələduzluq üsulları barədə əvvəlcədən məlumatlandırın.
Agentlik xatırladır ki, kiberdələduzlar əsasən insanların qorxu və narahatlığından istifadə edirlər. Buna görə də şübhəli zəng və mesajların həqiqiliyini yoxlamadan heç bir şəxsi məlumat paylaşmaq və ya pul köçürmək olmaz.