Lənkəran Ağır Cinayətlər Məhkəməsində İmişlidə həmyerlisi Səxavət Qəhrəmanovu ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən Elşən Hüseynovun məhkəmə prosesi başa çatıb. O, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama əsasən, Elşən Hüseynov uzun müddət aralarında münaqişə olan Səxavət Qəhrəmanovdan qisas almaq qərarına gəlib. Bildirilib ki, mərhum onu təhqir edib, hədələyib və döyüb.
Təqsirləndirilən şəxs 2025-ci il iyunun 14-də ov tüfəngi əldə edərək onu icarəyə götürdüyü "Hyundai Elantra" markalı avtomobildə saxlayıb. Həmin gün İmişli şəhərində hərəkətdə olarkən Səxavət Qəhrəmanovu yol kənarında tək görüb. Ətrafda başqa şəxslərin olmadığını müşahidə etdikdən sonra avtomobildən düşərək ona atəş açıb.
Yaralı qaçaraq yaxınlıqdakı kolluq-meşəlik ərazidə gizlənməyə çalışsa da, Elşən Hüseynov onu təqib edib və arxadan yaxın məsafədən daha iki dəfə atəş açıb.
Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, mərhumun ürəyi və ağciyərləri zədələnib. Aldığı ağır xəsarətlər nəticəsində həyatını itirib.
Mənbə: pravda.аz