Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Şağlaser kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 sentyabr tarixində Lənkəran ŞİH-yə istinadən verir.
ŞİH-nin başçısı Taleh Qaraşov öncə şəhid ailələri, qazilər və müharibə iştirakçılarının qayğı və problemlərini dinləyib, onların həlli istiqamətində müvafiq göstəriş və tapşırıqlarını verib.
12 və 13 sentyabr tarixlərində Ermənistan ordusunun dövlət sərhədimizdə törətdiyi təxribatlar nəticəsində ümumilikdə 50 nəfər vətəndaşımızın, o cümlədən bir nəfər Lənkəran rayon sakininin şəhid olduğunu vurğulayan icra başçısı şəhid valideynlərinin göstərdiyi dəyanət və vüqarlı duruşlarına görə onlara minnətdarlığını ifadə edib.
Sonda T. Qaraşov sakinləri narahat edən heç bir məsələyə biganə qalınmayacağını və qaldırılan məsələlərin həlli ilə bağlı vətəndaşlara qanunamüvafiq müddətdə cavablar veriləcəyini qeyd edib.