Lənkəranda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Cəsur kadet” sınaq günləri keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 may tarixində verir.
Tədbir Heydər Əliyev Xatirə Parkında hazırlanmış xüsusi zonada təşkil ediləcək. İyunun 11-dən 13-dək hər bir vətəndaş saat 10:00-dan 17:00-a qədər yaxınlaşıb müxtəlif yaş qrupları üzrə normativləri yerinə yetirərək bacarıqlarını sınaya bilər. Tədbir bütün əhali üçün açıq olacaq. İştirak üçün öncədən qeydiyyata ehtiyac yoxdur.
Hər kəs aşağıdakı hərbi və fiziki tapşırıqları yerinə yetirməklə müvafiq sertifikat əldə edə bilər:
* Maneələr zolağının dəf olunması;
* Darağa patronların doldurulması və boşaldılması;
* Avtomatın sökülməsi və yığılması;
* Pnevmatik (tir) silahdan hədəfə atəş açmaq;
* "Airsoft" silahla praktiki atışlar;
* Qumbara qaçışı;
* Qum kisələri ilə qaçış;
* Yük maşını təkərinin çevrilməsi;
* Səmti müəyyən etmə yarışı;
* Binadan enmə əməliyyatı.