Astara rayonunda sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər həyata keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 mart tarixində verir.
Verilən məlumata görə, Rayon Polis Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bir neçə gün əvvəl Kijəbə qəsəbəsində yoxlamalar həyata keçiriblər. Monitorinq zamanı adıçəkilən qəsəbədə yerləşən su anbarının ətrafında məişət tullantılarının qalaqlanması halları aşkar olunub.
Aşkarlanmış halla bağlı ərazi üzrə bələdiyyənin sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilib.
Xatırladaq ki, daha öncə Kijəbə qəsəbəsində yerləşən su anbarının ətrafında yaranan antisanitariya vəziyyəti barədə məlumat vermişdik.