İlin soyuq dövründə fermalarda yaşlı heyvanlara verilən suyun temperaturu 10-12 dərəcə olmalıdır.
Cenublu.az xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.
Cavan heyvanlar üçün isə suyun temperaturu onların yaşından asılı olaraq 16-30 dərəcə aralığında müəyyən edilməlidir.
Sənədə əsasən, müəssisələrin istehsalat su kəməri heyvan və quşların suvarılması, yemin hazırlanması, südün sağılması, ilkin emalı və soyudulması üçün içməli su keyfiyyətində təminat həyata keçirməlidir. Heyvanların, döşəmələrin və avadanlığın yuyulması, eləcə də sağım qurğularının və süd qFerablarının sanitar təmizlənməsi üçün də eyni keyfiyyətdə su nəzərdə tutulmalıdır.
İçməli su əldə etmək mümkün olmayan ərazilərdə suyun keyfiyyəti dövlət sanitariya-epidemioloji və baytarlıq nəzarəti orqanlarının tələblərinə uyğun müəyyən edilə bilər. Bu istisna süd avadanlığının soyudulması və yuyulması üçün istifadə edilən suya şamil olunmur.