Salyan şəhər Yavər Qafarov adına 8 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Talıb Sədiyev "Əlaçı" intellektual oyununda ikinci dəfə qalib olub. O, final mərhələsində 6:0 hesabı ilə rəqiblərini geridə qoyub.
Talıb bundan əvvəl X sinifdə də yarışmanın qalibi olub. O, həmçinin "Zəkaların Mübarizəsi" olimpiadasında "Təbiət elmləri" kateqoriyası üzrə gümüş medal qazanıb və IX sinfi fərqlənmə attestatı ilə bitirib.
Məktəbli bildirib ki, ikinci dəfə yarışmaq onun üçün daha məsuliyyətli və həyəcanlı olub. Qələbəsinin arxasında davamlı hazırlıq və zəhmətin dayandığını deyən Talıb müəllimlərinin və valideynlərinin dəstəyini xüsusi vurğulayıb.
Gələcəkdə həkim olmaq istəyən Talıb rezidentura təhsilini xaricdə davam etdirməyi planlaşdırır.