top
Cənubda kitab oxumaq istəyirlərmi? - PEŞƏKAR BAXIŞ
30 oktyabr 2024, 05:44
- +

Cənubda kitab oxumaq istəyirlərmi? - PEŞƏKAR BAXIŞ

Dünyanın müxtəlif ölkələrində insanların boş vaxtlarını dəyərləndirə biləcəkləri, kitab oxuyub söhbət edə biləcəkləri “kitabkafe”lər fəaliyyət göstərir. Mədəni inkişafın təmin edilməsində əvəzsiz rol oynayan bu tipli kafelər, şübhəsiz, yüksək mədəni tərəqqidən xəbər verir. Paytaxt Bakıda da belə kitab mərkəzləri var, bunlardan ən böyüyü isə Bakı Kitab Mərkəzidir. Həmçinin bir çox kitab mağazasının tərkibində kiçik köşələr var ki, orada çay-qəhvə içərək kitab oxumaq mümkündür.

Bölgələrə nəzər saldıqda isə “kitabkafe” ənənəsinin hələ formalaşmadığını görürük. Regionlarda, əsasən, kiçik kitab mağazaları fəaliyyət göstərir ki, onların da əksəriyyətində bazar tələblərinə uyğun olaraq daha çox test topluları və təhsillə bağlı müxtəlif kitablar satılır.

2023-cü ildə Sabirabadda “Hophopnamə” Kitab Mərkəzinin istifadəyə verilməsi isə Aran bölgəsində böyük marağa səbəb olub. Artıq bir ilə yaxındır fəaliyyətdə olan kitab mərkəzi qısa müddət ərzində regionun mədəniyyət ocağına çevrilməyi bacarıb.

Sabirabaddan olan yazıçı Azər Qismət Cenublu.az-a açıqlamasında “Hophopnamə” Kitab Mərkəzinin fəaliyyətindən danışıb.

“Hophopnamə” Kitab Mərkəzinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mil-Muğan Regional Mədəniyyət İdarəsi tərəfindən yaradıldığını vurğulayan Azər Qismət kitab mərkəzinin çoxfunksiyalı olduğuna diqqət çəkib:

“Bu kitab mərkəzi regionda insanların asudə vaxtının səmərəli təşkili, eyni zamanda, kitaba olan marağın artırılması, mütaliə bacarıqlarının inkişaf etdirilməsi üçündür. “Hophopnamə” Kitab Mərkəzində həm də 10-a yaxın nəşriyyat tərəfindən kitabların satışı həyata keçirilir.

“Hophopnamə”də təkcə kitablar yox, həm də regionda yaşayan sənətkarların əl işlərinin satışı da həyata keçirilir. İstənilən adam burada gəlib kitab oxuya, mütaliə edə bilər. İnsanlar mərkəz ərazisini tərk etmədən istədikləri kitabları alıb oxuya bilərlər. Universitetlərə hazırlaşan şagirdlər üçün də burada geniş imkanlar var. Müxtəlif test toplularının olması onların imtahanlara belə bir ortamda hazırlaşmalarına imkan verir. Bu, çox gözəl bir şeydir. Çünki regionda uşaqların gəlib kitab oxuya, dərslərini hazırlaya biləcəkləri başqa məkan yoxdur”.

“Mərkəzdə fortepiano da var, yəni gənclər əyləncələrindən də geri qalmırlar. Bu, tamamilə sərbəstdir. Mətbuatı və ya digər əlaqədar səhifələri izləsəniz, görəcəksiniz ki, “Hophopnamə”də başqa-başqa yazıçılarla görüşlər təşkil olunur. Bu da, təbii ki, oxucular baxımından çox maraqlıdır”, - deyən yazıçı kitab mərkəzi açılmadan öncə onun təsirli olmayacağı ilə bağlı narahatlıqların olduğunu bildirib:

“Bu kitab mərkəzinin fəaliyyətə başlaması ilə bağlı məlumatlar yayılanda əvvəl bölgədə belə bir şeyin effektiv olmayacağını söyləyənlər var idi, lakin belə hesab edirəm ki, hazırda çox uğurlu fəaliyyətdən söhbət gedir. Burada bir şeyə diqqət çəkmək istəyirəm, fərdi şəkildə belə bir kitab mrəkəzinin yaradılması ehtimalı çox da yüksək deyil, lakin Nazirlik xətti ilə, həmçinin Regional İdarənin dəstəyi ilə “Hophopnamə” artıq bir ildir fəaliyyət göstərir”.

Kitab Mərkəzində Anar, Elxan Elatlı, Aqil Abbas, Bahəddin Həzi, Aqşin Yenisey, Qismət, Ömər Xəyyam, Fərid Hüseyn, Baba Vəziroğlu və digər yazıçılarla görüşlərin keçirildiyini qeyd edən Azər Qismət bütün bunların mədəni mühitin formalaşmasına və inkişafına böyük təsir göstərdiyini deyib:

“Həmçinin yerli yazıçılar məhz burada öz oxucuları ilə geniş ünsiyyətə girə bilirlər. Üstəlik, mərkəzə şagirdlərin ekskursiyaları da təşkil edilir. Belə bir kitab mərkəzinin məhz Sabirabadda açılması çox sevindiricidir. Bakını çıxmaq şərtilə bu, regionda bir ilkdir. Yəni heç bir rayonda belə bir imkan və şəraitin olmadığını bilirəm.

Bundan başqa, Sabirabadda gənclərin öz təşəbbüsləri ilə kitab klubu yaradıldığı barədə məlumatım var. Onlar yarışlar keçirir, kitab müzakirələri və görüşlər təşkil edirlər”.

Sabirabadda “Hophopnamə” Kitab Mərkəzinin açılması digər regionlar üçün də ümid işığı yandırıb. Artıq cənub bölgəsində də belə kitab mərkəzinin açılması ilə bağlı təkliflər səsləndirilir.

Cəlilabadda yaşayan yazıçı Ruhiyyə Abbaszadə isə Cenublu.az-a açıqlamasında Cəlilabadda kitab təbliğatının yüksək səviyyədə olduğunu vurğulayıb:

“Mən kitablarımı istər Bakıda Axundov adına Milli Kitabxanaya, istər rayonlardakı kitabxanalara özüm aparıram. Buna görə də həmin bölgələrdə kitabla bağlı durumun nə yerdə olduğunun birbaşa şahidiyəm. Elə yer var, ora gedirsən, kitabxanadakı işçilərdə, direktorda o qədər həvəs, istək olduğunu görürsən, onların oxucuları da var. Ancaq elə yer də var ki, orada kitaba maraq yoxdur, kitabxanaçılar belə buna iş kimi yanaşırlar. Amma bizim Cəlilabadda kitaba maraq böyükdür. Bunu cəlilabadlı olduğum üçün demirəm, bu, həqiqətdir. Bizim Mərkəzi Kitabxana çox gözəl işləyir. Məsələn, mən bu yaxınlarda Elbrus Kəlbiyevin kitabını gördüm, bunu özünə dedim, təəccübləndi ki, mən ora kitab verməmişəm, o necə gedib çıxıb Cəlilabada. Demək, onlar kitabları əldə edirlər, daha sonra onun təbliğatı ilə məşğul olurlar”.

Keçmişə nəzərən kitab mağazalarının sayında və funksiyasında dəyişikliklərin olduğunu bildirən Ruhiyyə Abbaszadə: “Əvvəllər xüsusi kitabxanalar var idi, biz ora gedib bütün kitabları ala bilirdik, sonra isə həmin kitabxanalar bağlandı və yerlərində özəl kitab mağazaları açıldı. Rayonun mərkəzində bir neçə belə kitabxana var. Dünya ədəbiyyatı, müasir Azərbaycan ədəbiyyatı – oralarda istədiyiniz kitabı tapa bilərsiniz. Bundan başqa, çox yerdə, kitab mağazası olmayan mağazalarda belə elmi, bədii kitabların satışı həyata keçirilir”, - deyə qeyd edib.

“Rayonumuzda, səhv etmirəmsə, 7 orta məktəb var, mən o məktəblərə kitablarımı aparıb verirəm. Baxın, təbliğat orada da gedir. Ən böyük məktəb evimizin yanındadır, görürəm ki, kitabxanaçı kitabları düzür, onların böyük təbliğatı ilə məşğul olur. Şagirdlər o kitabları oxuyub kitabxanaya qaytarırlar”, - vurğulayan yazıçı Cəlilabadda “kitabkafe”lərin olmadığını təəssüflə bildirib:

“Təəssüf ki, Cəlilabadda “kitabkafe” yoxdur. Düşünürəm ki, bu, rayonumuz üçün çox böyük əksiklikdir. Ancaq onu deyim ki, qızımın belə bir planı var, o, gələcəkdə Cəlilabadda sadəcə qızların gedib rahat şəkildə vaxt keçirib kitab oxuya biləcəkləri kafe tipli məkan açmaq fikrindədir. Belə bir şey gerçəkləşsə, çox gözəl olar. Gənclərin, yeniyetmələrin rayonda toplaşa biləcəyi nöqtələri olmalıdır ki, gedib orada əsər oxusunlar, fikir mübadiləsi aparsınlar, müzakirə etsinlər. Həqiqətən, bizim savadlı gənclərimiz çoxdur. Onların bir araya gəlib diskussiya aparmaları universitetlərə artıq nitq baxımından özünü səlis ifadə edən tələbələrin göndərilməsinə yol açacaq. Çünki qayda budur: danışa-danışa inkişaf edəcəksən. Ancaq Cəlilabadda “kitabkafe”, yaxud bu tipli şeylərin olmaması gənclərin bu imkanını əlindən alır”.

Kitab məsələsində cənub rayonları arasında çox böyük fərqlər olduğunu söyləyən yazıçı onu da bildirib ki, rayonlarda kitabxanaların yerini bilməyən insanlar çoxdur:

“Mənim əsərlərim ətraf rayonlarda bir neçə dəfə səhnələşdirilib, həm bununla bağlı, həm də kitablarımı kitabxanalara vermək üçün o bölgələrə üz tutanda vəziyyətin necə olduğunu görmüşəm. Elə yerlər var ki, yerli sakinlərdən kitabxananın yerini soruşmuşam, ən yaşlısından gəncinə qədər, ancaq kitabxananın yerini bilən bir nəfər belə tapa bilməmişəm. Cəlilabadda isə balaca uşaqdan belə soruşsan, kitabxananın yerini göstərər. Yəni cənub bölgəsindəki rayonlarda vəziyyət bir-birindən fərqlidir. Bəzi yerlərdə kitabxana var, ancaq sırf görüntü üçündür, təbliğat yoxdur. Neftçala, Salyan, Sabirabad camaatının kitablara böyük marağının şahidi olmuşam.

Biləsuvar və Masallıda da kitab təbliğatının böyük olduğunu düşünürəm. Amma ümumilikdə götürsək, “kitabkafe”lərin açılması insanların kitablara olan sevgisini daha da artıra bilər”.

Aqil Bəkir

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:48

Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır, qiymət artımı ola bilər

Bütün xəbərlər
Dünən, 16:45

Lənkəranda sahibsiz itlər sakinləri narahat edir

Kriminal
Dünən, 16:10

Falçı xalası tərəfindən döyüldüyünü deyən yeniyetmə MƏHKƏMƏDƏ DANIŞDI

Bütün xəbərlər
Dünən, 15:40

Kəmaləddin Heydərovun Cəlilabaddakı vətəndaş qəbulunun vaxtı dəyişib

Kriminal
Dünən, 15:00

Səfərbərlik Xidmətinin həbsdə olan sabiq əməkdaşı azadlığa buraxılıb

Bütün xəbərlər
Dünən, 14:20

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:40

Şəhid Xalid Kamranlının doğum günüdür

Cəmiyyət
Dünən, 13:03

Cəlilabad sakini ölü döl dünyaya gətirib

Kriminal
Dünən, 12:26

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:53

Masallı sakini Rusiyada qəfil vəfat etdi

Siyasət
Dünən, 11:30

Prezident əfv Sərəncamı imzalayıb - SİYAHI

Bütün xəbərlər
Dünən, 10:55

Qarabağ müharibəsi şəhidi Rafiq Məmmədovun doğum günüdür

İqtisadiyyat
Dünən, 10:12

Ev şəraitində hazırlanaraq bazara çıxarılan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB

Bütün xəbərlər
Dünən, 09:27

Neftçalada kişi evinin həyətində ölü tapıldı

Bütün xəbərlər
22 sentyabr 2026, 17:04

Cəlilabadda sakin tüfəngdən açılan atəş nəticəsində ağır yaralandı

Bütün xəbərlər
22 sentyabr 2026, 16:40

ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb

Kriminal
22 sentyabr 2026, 16:00

Lənkəranda 76 min manata yaxın pul oğurlayanlar saxlanılıblar

Bütün xəbərlər
22 sentyabr 2026, 15:20

Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb

Bütün xəbərlər
22 sentyabr 2026, 14:40

Sabah hava necə olacaq?

Bütün xəbərlər
22 sentyabr 2026, 14:10

Masallıda 4 yaşayış məntəqəsinin qazı müvəqqəti kəsiləcək

Bütün xəbərlər
22 sentyabr 2026, 13:30

Masallının bu məktəbi aylardır işıqsız və susuz qalıb

Bütün xəbərlər
22 sentyabr 2026, 12:50

Lənkəranda 30-dan yuxarı küçədə abadlıq işlərinə başlanılacaq

Bütün xəbərlər
22 sentyabr 2026, 12:10

DYP kənd texnikası sürücülərinə müraciət etdi

İqtisadiyyat
22 sentyabr 2026, 11:31

Azərbaycan nefti ucuzlaşıb

Oxşar xəbərlər