Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov növbəti səyyar qəbul-görüşünü Günəşli kənd sakinləri ilə keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 yanvar tarixində verir.
Görüşdə rayon İcra Hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.
Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rafiq Cəlilov bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasıdır.
Rayon rəhbəri bütün müraciətlərə həssas yanaşıldığını vurğulayıb və yerli sakinlərin bütün istək və qayğılarını dinləyib. İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına dair göstərişlər verilib, İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlərin edilməsi tapşırılıb.