Astara rayonu Şuvi kənd tibb məntəqəsi yararsız vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 fevral tarixində verir.
Sakinlər bildirirlər ki, ən yaxın xəstəxana kənddən 30 km aralıdadır. Bu tibb məntəqəsindən 7 kəndin sakinləri yararlanırlar. Amma buna baxmayaraq, uzun müddətdir ki, məntəqə təmir olunmur.
TƏBİB-dən məsələ ilə bağlı bildirilib ki, Astara rayonunun Şüvi kənd tibb məntəqəsinin yerləşdiyi inzibati bina və ərazi Astara Rayon Mərkəzi xəstəxanasının deyil, Şuvi kənd bələdiyyəsinin balansındadır. Bu səbəbdən əraziyə dair iddialarla bağlı sorğunun Şuvi kənd bələdiyyəsinə ünvanlanması məqsədəmüvafiqdir. Hazırda sözügedən tibb məntəqəsinin təmiri də kənd bələdiyyəsinin səlahiyyətindədir. Məlumat üçün bildiririk ki, məntəqədə 1 həkim və 6 tibb bacısı fəaliyyət göstərir”.
Məsələ ilə bağlı Şuvi kənd bələdiyyəsindən bildirildi ki, bina sovet dövründə idarə kimi tikilib və xəstəxana üçün nəzərdə tutulmayıb:
“Bina olmadığı üçün həmin bina müvəqqəti xəstəxanaya verilib. Şuvinin xəstəxana üçün başqa binası yoxdur. Hal-hazırda tibb məntəqəsi kimi fəaliyyət göstərir. Kim istifadə edirsə, o da təmir etməlidir. TƏBİB istifadə edirsə, təmiri də aparmalıdır. O məntəqədə ancaq peyvənd aparılır. Sonuncu dəfə ora 10 il öncə təmir olunub”.