Bu gün Astaradan olan Vətən müharibəsi şəhidi Rauf Xəyyam oğlu Cahangirovun anadan olduğu gündür.
Rauf Cahangirov 24 avqust 1998-ci ildə Astara rayonunun Maşxan kəndində dünyaya göz açıb. 2015-ci ildə Maşxan kənd məktəbini bitirdikdən sonra Lənkaran Dövlət Universitetində Maliyyə və Kredit ixtisası üzrə təhsil alıb. 2019-2020-ci illərdə Ağdam rayonunda N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.
21 sentyabr tarixində könüllü olaraq təlimlərə qatılan fəxrimiz Rauf Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Zəngilan və Şuşa uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib. O, 2 noyabr tarixində Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Rauf Cahangirov ölümündən sonra "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.