Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran şəhərində fəaliyyət göstərən ictimai iaşə müəssisələrində yoxlama keçiriblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 may tarixində AQTA-ya istinadən verir.
Yoxlama “Böyük bazar” ərazisində fəaliyyət göstərən fiziki şəxs Elnur Qurbanova məxsus “Bazardönər” və Bəhruz Hüseynova məxsus obyektdə aparılıb.
Reyd zamanı qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Bişmiş mal əti və toyuq dönərindən götürülmüş nümunələrin müvafiq laboratoriyasında müayinəsi nəticəsində toyuq əti dönərində insan sağlamlığı üçün təhlükəli hesab olunan E.Coli bakteriyası aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, səlahiyyətli şəxslər barəsində inzibati protokol tətbiq edilib, dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb.