Yazıçı, tərcüməçi, dramaturq və publisist Kamran İsmayıl oğlu Nəzirli 19 iyun 1958-ci ildə Astara şəhərində anadan olub [4]. O, Azərbaycanda Milli Kitab Mükafatına namizəd göstərilmiş 10 ən yaxşı müəllif siyahısındadır [1].
Nəzirli orta məktəbi bitirdikdən sonra, 1975-1980-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun ingilis və fransız dilləri fakültəsində təhsil alıb [4]. Nəzirli İnstitutda oxuyan zaman ingilis dilində olan bir çox ədəbi əsərləri Azərbaycan dilinə tərcümə edərək, onları dərc edib [2]. O, həmin illərdən publisistik məqalə, oçerk, hekayə və tərcümələrlə çıxış edib. Nəzirli 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi münasibətlər fakültəsini bitirib [1,4].
O, 1980-ci illərdə “Sovet kəndi” qəzetində və Azərinformda, 1990-cı illərdə Azərbaycan KP MK aparatında, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində çalışıb. Nəzirli 1996-2000-ci illərdə Dünya Bankının layihələrində, 2001-2009-cu illərdə Azərbaycan Respublikası Milli Bankında Beynəlxalq Əlaqələr Departamentində və bir çox başqa yerlərdə işləyib [1].
Nəzirli bir çox ədəbi və publisistik kitabların müəllifidir: “Sevgi nağılı”, “The old baby”, “Şeytan işığı”, “Komada olan adam”, “Cəmiyyət siyasətin güzgüsüdür” və s. [3]. Onun “Komada olan adam” kitabı Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən “2007-ci ilin nəsr (bədii əsər) kitabı” elan olunub. Onun hekayələri ABŞ, Türkiyə, Hollandiya, Koreya, Özbəkistan, Belarus və Ukraynada müxtəlif ədəbi jurnallarda, kitablarda və qəzetlərdə nəşr edilib [1].
O, filologiya elmləri namizədidir, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, Həsən bəy Zərdabi və Rəsul Rza adına mükafatların laureatıdır [1,4]. Nəzirli 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” mükafatına, o cümlədən 2016-cı ildə Minskdə keçirilən Müstəqil Dövlətlər Birliyi ölkələrinin beynəlxalq “Doğma ev” ədəbi müsabiqəsinin nəsr nominasiyası üzrə Qran-Pri mükafatına layiq görülüb. Nəzirli 2018-ci ildə ədəbiyyat üzrə “Humay” mükafatını alıb [1].
Ədəbiyyat: