Valideynlər Neftçala rayonunun Mirzəqurbanlı kənd orta məktəbində 5–9-cu siniflər üzrə müəllim çatışmazlığı səbəbindən sentyabrın 15-dən ayın sonunadək dərslərin keçirilmədiyini iddia edirlər.
Valideynlərin sözlərinə görə, təxminən 30 şagird hər gün məktəbə getsə də, direktor Pərviz Hacıyev müəllim olmadığını bildirərək onları evə göndərib.
Valideynlər bildiriblər ki, məktəb təmirli və lazımi avadanlıqlarla təmin olunub. Ötən tədris ilinin sonunadək burada 20-yə yaxın müəllim çalışıb və dərslər normal qaydada keçirilib. Lakin bu il müəllimlər başqa məktəblərə köçürülüb və nəticədə Mirzəqurbanlı kənd məktəbi müəllimsiz qalıb. Həmçinin dərslərin onlayn keçiriləcəyini deyərək məktəbə bir neçə kompüter də gətiriblər.
Amma daha sonra kompüterlər də aparılıb. Valideynlərin iddiasına görə hazırda məktəbdə yalnız direktor, iki ibtidai sinif müəllimi və xadimələr qalıb.
Övladlarının təhsilsiz qalmasından narahat olan valideynlər maddi imkanlarının məhdud olması səbəbindən uşaqlarını başqa məktəblərə göndərə bilmədiklərini deyirlər. Bir neçə valideyn uşaqlarını taksi ilə başqa məktəblərə göndərsə də, artıq onlar da maddi problemlər səbəbindən bunu edə bilmirlər.
Mövzu ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, yaranmış vəziyyət səbəbindən buraxılmış dərslərin müəyyən edilmiş qaydada kompensasiya olunması və şagirdlərin tədris proqramını tam mənimsəmələri üçün zəruri tədbirlərin görülməsi təmin edilir:
"Neftçala rayonunun Mirzəqurbanlı kənd ümumi orta, Rövşən Babayev adına Xoltəzəkənd kənd ümumi orta və Asif Dadaşov adına Yeniqışlaq kənd ümumi orta ümumtəhsil məktəblərində ixtisaslı müəllim çatışmazlığı səbəbindən tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə distant təhsil layihəsi (İT HUP) tətbiq olunur".
Məlumata görə, layihə çərçivəsində qeyd olunan məktəblər zəruri avadanlıqlarla tam təmin edilib.
Müəyyən müddət ərzində yaranmış texniki problemlər səbəbindən yüksəksürətli internet xidmətinin təmin olunmasında çətinliklər yaranıb. Bu müddətdə şagirdlərin təhsil prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların yaxınlıqda yerləşən digər ümumi təhsil müəssisələrinə ayrılmış nəqliyyat vasitələri ilə təhlükəsiz şəkildə daşınması təmin edilib.
"Hazırda texniki problem tam aradan qaldırılıb və məktəblərdə yüksəksürətli internet bağlantısı təmin olunub. Bununla əlaqədar şagirdlərin öz məktəblərində distant təhsil alması prosesi bərpa edilib və təhsil prosesinin fasiləsizliyi təmin olunub".
Mənbə: Bizim.Media