Masallıda qoyun oğurluqları edən şəxs müəyyən olunub. Bu haqda məlumat bu gün, 2 iyun tarixində DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Cenublu.az-a verilib.
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Səmidxan kəndi ərazisində yerləşən evlərdən birinin həyətindəki tövlədən 1350 manat dəyərində 4 baş qoyun oğurlanıb. Oğurluq etməkdə şübhəli bilinən Çaxırlı kənd sakini Ş.Ağayev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun əlavə olaraq müxtəlif vaxtlarda Masallı rayonu ərazisindəki daha 3 təsərrüfatdan qoyun oğurluqları etdiyi müəyyən olunub. Oğurlanan xırdabuynuzlu heyvanların bir qismi aşkarlanaraq sahiblərinə qaytarılıb.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.