Lənkəran şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Xalid Rəhimov içkili vəziyyətdə avtomobil idarə etdiyinə görə saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 iyun tarixində verir.
Belə ki, 5 iyun axşam saatlarında içkili vəziyyətdə avtomobil idarə edən sabiq müavin Lənkəran şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşlarına müqavimət göstərən Parakənd kənd sakini Xalid Rəhimov polis idarəsinə aparılıb.
Onun barəsində məhkəmənin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinə sorğu ünvanladıq. Sorğuya cavab olaraq Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev bildirdi ki, faktla bağlı cinayət işi başlanılıb:
“Cinayət işi istintaqının davam etdirilməsindən ötrü toplanmış material aidiyyəti üzrə Lənkəran Rayon Prokurorluğuna göndərilib”.
Qeyd edək ki, Xalid Rəhimov 2021-ci ildə səhhətində problem olduğu üçün tutduğu vəzifədən uzaqlaşdırılmasını istəyib. O, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.