Cənub rayonlarında “Yaşıl məktəb” layihəsi əsasında ağacəkmə aksiyasının keçirilməsi davam edir. Bu haqda bu gün, 5 aprel tarixində Cenublu.az Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Ekoloji siyasətə dəstək olmaq məqsədilə Lənkəran-Astara Regional Təhsil İdarəsinin əhatə etdiyi Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonları üzrə ümumtəhsil müəssisələrində ağaclar əkilib. Könüllülük əsasında “Yaşıl məktəb” layihəsi aksiyasında Astara rayonu təhsil sektoru üzrə 29, Cəlilabad rayonu təhsil sektoru üzrə 113, Lənkəran rayonu təhsil sektoru üzrə 38, Lerik rayonu təhsil sektoru üzrə 94, Masallı rayonu təhsil sektoru üzrə 40 və Yardımlı rayonu təhsil sektoru üzrə 64 təhsil müəssisəsi iştirak edib.
Həmçinin “Yaşıl məktəb” layihəsinin icrası zamanı 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Cəlilabad rayon Peşə Təhsil Mərkəzi və Lənkəran Peşə Liseyi ilə əməkdaşlıq edilir. Belə ki, ilk olaraq layihəyə hazırlıq məqsədilə 19 fevral 2023-cü il tarixində Lənkəran Peşə Liseyinin mütəxəssisləri tərəfindən Lənkəran təhsil sektorunun layihəyə qoşulan məktəblərinin nümayəndələri üçün layihənin ümumi təqdimatı və ağacların əkilməsi ilə bağlı maarifləndirmə seminarı keçirilib.
Hazırki dövrədək ümumilikdə 10.402 ədəd müxtəlif cinsli ağac əkilib və ağacların əkilməsi 10 may 2023-cü il tarixinədək davam etdiriləcək.