Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında hemofiliya və talassemiya irsi qan xəstəliklərindən əziyyət çəkənlər üçün qanvermə aksiyası təşkil olunub. Bu haqda bu gün, 21 fevral tarixində Cenublu.az Cəlilabad RİH-yə istiandən xəbər verir.
Aksiya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Milli Hematologiya və Transfuziologiya Mərkəzinin, Mərkəzi Qan Bankının və Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə baş tutub.
Təşkil olunan aksiya hemofiliya və talassemiya irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin qan ehtiyatını artırmaq məqsədi daşıyıb. Qanvermə aksiyasına könüllü qoşulan insanlar əvvəlcə müayinədən keçirilib, hər bir donorun sağlamlıq imkanları müəyyənləşdirilib.
Aksiyada rayonun ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, həmçinin sakinlər fəal iştirak ediblər. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.