top
“Əlaçı” müsabiqəsinin qalibi: “Tək motivasiyam Lənkəranım idi” – ÖZƏL MÜSAHİBƏ
29 aprel 2025, 06:28
- +

“Əlaçı” müsabiqəsinin qalibi: “Tək motivasiyam Lənkəranım idi” – ÖZƏL MÜSAHİBƏ

Cenublu.azın bugünkü müsahibi “Əlaçı” müsabiqəsinin qalibi Hüseyn Kazımovdur.

Müsahibəni təqdim edirik:

- Özünüzü qısaca təqdim edə bilərsinizmi?

- Lənkəran rayonun Separadi kəndində doğulmuşam və hazırda orada yaşayıram. 16 yaşım var. Separadi kənd tam orta ümumtəhsil məktəbində 10A texniki təmayüllü sinfində təhsil alıram. 

- Bu müsabiqə haqqında ilk dəfə necə xəbər tutdunuz?

- Bu müsabiqə haqqında elə bilirəm ki, bütün məktəbli şagirdlərin, təhsil sektorunda olan hər kəsin xəbəri var, çünki respublika üzrə böyük nüfuzu olan verilişdir. Mənim də sosial media platformalarından xəbərim var idi.

- Bu müsabiqəyə qatılmaq qərarını necə verdiniz?

- Əslində, 9-cu sinifdən bəri qatılmaq istəyirdim, amma necə qatılacağımı bilmirdim. Keçən il sentyabr ayında heç gözləmədiyim anda məktəb direktoru Emil müəllim mənə dedi ki, Sütəmurdov məktəbinə gələrsən, səbəbini soruşduqda bildirdi ki, “Əlaçı”nın seçim turudur. Onu da deyim ki, mənim qatılmaq istədiyimdən Emil müəllimin xəbəri yox idi, məndən xəbərsiz məni imtahana yazmışdı. Amma yaxşı ki, o gün məni göndərdi, ona xüsusi təşəkkürlərimi bildirirəm.

- Müsabiqəyə hazırlıq müddətində hansı çətinliklərlə qarşılaşdınız?

- Müsabiqəyə hazırlıq müddətinə, demək olar ki, heç hazırlaşmadım, elə çox vaxtım yox idi ki, oturub hər gün verilişi izləyim. Amma son bir neçə yayımı izləmişdim, yəni qısaca desək, heç bir əlavə çətinlik yaşamadım.

- Sizcə, bu müsabiqədə uğur qazanmağınızın əsas səbəbi nədir?

- Müsabiqə təkcə bilik tələb etmir, ən əsası sərbəstlik, rahatlıq, komplekssizlik tələb edir. Düzünü desək, mən iki il əvvəl robot kimi hər gün dərs oxuyan uşaq idim, amma son bir il ərzində cəmiyyət içinə çıxmağa, insanlarla söhbətləşməyə dərsdən daha çox önəm verirəm, hətta bu il fərli-başlı dərs belə oxumamışam.

Mənim xətrini dünyalar qədər çox istədiyim bir dayım var – videobloqer Pərvin Cəfərzadə. Ondan xahiş elədim ki, ay dayı, olar səninlə vaxt keçirim? Axı bloqerin ətrafı geniş olur. O da sağ olsun, hara getdisə, məni apardı, insan içinə çıxartdı, bütün xərclərimi də qarşıladı. Bu proseslər 3 ay – keçən yay boyu davam etdi. Və artıq mənim insanlarla ünsiyyət qurarkən bəzi çox oxuyan uşaqlar kimi dilim dolaşmır, utanmıram və tam sərbəstəm. Məncə uğur qazanmağın əsas səbəbi rahat olmaq, fikirləri sərbəst ifadə etməkdir.

- Sizin üçün ən maraqlı və çətin mərhələ hansı oldu?

- Ən çətin mərhələ ilk tur, ən maraqlı mərhələ isə final turu idi, çünki ilk turda psixologiya ilə yarışırsan: Lənkərandan gəlmişəm, ilk turdan uduzsam, biabırçılıq olar. Final isə ona görə maraqlı idi ki, rəqiblərə aman vermədən çox asanlıqla bu mərhələnin qalibi oldum. Evdən çıxanda da demişdim ki, ilk turu keçsəm, elə bilin qalib mənəm.

- Müsabiqə zamanı sizi ən çox motivasiya edən nə idi?

- Tək motivasiyam Lənkəranım idi. Düşünürdüm ki, qalib gələrəm və Lənkəranı respublika səviyyəsində təmsil edərəm - talış balası, kənddə təhsil alan sadə bir uşaq respublika səviyyəsində yer tutar, - bu elə bəs idi mənə.

- Gələcəkdə bu uğurun həyatınızda hansısa iz buraxacağını düşünürsünüz?

- Düşünürəm ki, gələcəyimin bu uğurla o qədər də əlaqəsi olmayacaq. Biznesmen olmaq istəyirəm, çünki hazırda parfümeriya ilə məşğulam və ətir alıb online şəkildə sataraq pul qazanıram, ödənişlərimi təmin edib, ailəmə dəstək oluram. Yəni parfümeriyaya böyük marağım var, çox istəyərdim bu işi böyüdüm.

Parfümeriyadan əlavə, meyxana da deyirəm, sözün xiridarıyam, bəzi məclislərə meyxanaçı kimi də çağırılmışam. Həmçinin “TikTok” platformasında da aktivəm, reklam işi ilə məşğulam.

- Başqa hansı müsabiqələrdə iştirak etmək planınız var?

- Hələ ki plan qurmamışam, amma İctimai Televiziyada olan bütün müsabiqələrdə, başda “Milyonların şousu” olmaqla iştirak etmək istəyərdim.

- Valideynlərinin və müəllimlərinin bu prosesdə rolu nə qədər oldu?

-  Valideynlərimin və müəllimlərimin rolu danılmazdır, bütün yol xərclərimi dayılarım, anam və babam ödədi. Bir də fürsət tapmışkən onu da deyim: mən Rayon Təhsil İdarəsi tərəfindən göndərildiyim üçün Lənkəran Rayon Təhsil Şöbəsindən də “Əlaçı”ya getdikdə xərclərim (yol pulu, yemək pulu və başqa əlavə xərclər) üçün ezam pulu aldım. Düzdür, bir qədər gec verildi, haradasa 3 ay sonra, amma yenə də təşəkkürümü bildirirəm. İki günlük (final, superfinal) xərclərim üçün cəmi 10 manat ezam pulu aldım, pulu xərcləməmişəm, yadigar saxlamışam.

Müəllimlərimə gəldikdə isə, həm kurs, həm məktəb müəllimlərim çox olduğu üçün verilişdə adlarını çəkə bilmədim, yalnız direktorumun və ibtidai sinif müəllimimin adını çəkdim. Fürsətdən istifadə edərək burdan deyim: bütün müəllimlərimə son dərəcə minnətdaram!

-  Bu uğurun digər məktəblilərə necə təsir göstərə biləcəyini düşünürsünüz?

- Məncə, müsbət təsir göstərər, bəlkə də, bu uğuru görüb daha da ruhlanarlar.

- Sizin kimi uğur qazanmaq istəyən yaşıdlarınıza nə məsləhət verərdiniz?

- Viravul kənd 2 nömrəli tam orta məktəbdə bir saata yaxın ətraflı danışdım. Çox geniş sualdır, amma qısaca deyə bilərəm ki, istirahətlərinə dərsdən çox vaxt ayırsınlar, yuxu rejimlərinə diqqət yetirsinlər. Ev tapşırıqları yerinə yetirilməyibsə belə, axşam saat 9-10-da yatın, eybi yox, müəlliminizə deyərsiniz ki, yatmaq vaxtım keçirdi deyə yazmadım, müəllim sizi anlayar. Yəni yatmayıb gecə 1-ə, 2-yə qədər dərs çalışan abituriyentlər nə yaşayır, anlamıram.

- Bu qələbə sizin həyatınızda nəyi dəyişdi?

Əslində, demək olar ki, çox şey dəyişmədi, çünki mən verilişdən qabaq zatən sosial media platformalarında aktiv idim, yəni az da olsa, kütləm var idi, veriliş sayəsində bir az da artdı. Bəzi insanlar mənə “bu uşaq verilişə çıxdı populyarlaşdı, özünü bir şey sanır” deyir, mən onlara cavab vermirəm, birbaşa bloka atıram, çünki bilirəm ki, belə insandan mənə xeyir gəlməz. Başımı da yormuram.

- Hansı sahə üzrə ali təhsil almağı düşünürsünüz?

- Birinci qrup üzrə hazırlaşıram, sınaqlarına gedirəm, buraxılış balım 280-300, blok nəticəm 350-380 arası dəyişir, amma verilişdə də dediyim kimi, ağlımda ixtisas yoxdur. Planlarımda Lənkəran Dövlət Universiteti (LDU) var, amma dəyişə bilər. Soruşsanız nəyə görə, - doğma yerdir deyə, mənə rahat olar deyə. Bildiyim qədər ilə də LDU gündən-günə inkişaf edir. Amma dediyim kimi, fikrim dəyişə bilər, ağlımda ixtisas yoxdur.

-  Xaricdə təhsil almaq istəyərsizmi?

- Əlbəttə, istəyərəm. Xaric dedikdə Avropa ölkələrini və ABŞ-ni nəzərdə tuturam, çünki etiraf etmək lazımdır ki, onlar bizdən təhsil sahəsində qat-qat öndədirlər. İmkanım olsa, düşünmədən xaricdə təhsil almağa yönələrəm.

- Sizcə yaşıdlarınızın xaricdə təhsil almağa marağı niyə artıb?

- Çox güman, bizim tədris sistemimiz çox ağırdır deyə. Uşaqlarda dərs oxumağa həvəs qalmır. Bir dayım ABŞ-də yaşayır. Ondan, dayı  uşaqlarımdan maraqlanıram, təhsil çox sadədir, uşaqları test ilə yükləmir, düşünməyə vadar edirlər, bunu edərkən də əylənirlər. Bu da uşaqlarda məktəbə qarşı sevgi yaradır, uşaq məktəbdən çıxmaq istəmir. Amma bizim təhsilə gəldikdə isə, o qədər lazım olmayan məlumatları şagirdlərə öyrənməyə məcbur edirlər ki, şagird çox yox, ondan tələb olunan materialı belə öyrənsə, konkret olaraq manqurtlaşar. Ona görə bir çox uşağın dərs oxumaq kimi hobbisi yoxdur, halbuki olmalıdır. Məncə, təhsil bir qədər yüngülləşsə, hər şey əla olar.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:48

Toydan əvvəl ən bahalı mərasim: Xına aparıcılarının qiymətləri

Bütün xəbərlər
Dünən, 16:35

Kür çayı kömək gözləyir – Sahillər zibil içindədir

Bütün xəbərlər
Dünən, 16:00

Şəxsiyyət vəsiqəsini skan et, biletini al

Cəmiyyət
Dünən, 15:15

Lənkəranda 11 otaqlı yaşayış evində yanğın olub

İqtisadiyyat
Dünən, 14:39

1300-dən çox işləyən şəxsin pensiyası yenidən hesablanaraq artırılıb

Cəmiyyət
Dünən, 14:08

Lerikdə faciə: 59 yaşlı kişi pəncərədən yıxılaraq öldü

Bütün xəbərlər
Dünən, 13:34

9 illik bazadan kolleclərə ixtisas seçiminin vaxtı açıqlandı

Bütün xəbərlər
Dünən, 13:05

Avtobus və taksi sürücüləri psixoloji testdən keçiriləcək? – AYNA-dan AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 12:40

Astarada Əlişa qalasında qədim memarlıq elementləri aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:05

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 11:33

Magistraturada boş qalan yerlərə müsabiqə keçiriləcək - DİM sədri

Bütün xəbərlər
Dünən, 11:00

Lənkəranda təhlükəli yol qovşağı: Sakinlər işıqfor tələb edir

Cəmiyyət
Dünən, 10:27

Lənkəranda bitməyən işıq problemi

Kriminal
Dünən, 09:55

Azyaşlı qızla evlilik həbslə bitdi

Bütün xəbərlər
Dünən, 09:18

Masallılı məzun qəbul imtahanında maksimum nəticə topladı

Cəmiyyət
29 iyul 2026, 17:54

Lənkəranda təmizlənən ərazi yenidən zibilxanaya çevrildi

Bütün xəbərlər
29 iyul 2026, 17:25

İlin ilk 6 ayında heyvan dişləməsinin SAYI

Kriminal
29 iyul 2026, 16:57

Cəlilabadda ət doğrayarkən oğlunun ölümünə səbəb olan anaya HÖKM OXUNDU

Cəmiyyət
29 iyul 2026, 16:24

Yol qəzalarında ölənlərin yarısı piyadalardır - RƏQƏMLƏR

Kriminal
29 iyul 2026, 15:55

Kirayə üstündə arvadını döydü, cəzadan qurtuldu

Bütün xəbərlər
29 iyul 2026, 15:26

Sabirabad heyvan satışı bazarı fəaliyyətə başlayıb

Bütün xəbərlər
29 iyul 2026, 14:59

1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ

Bütün xəbərlər
29 iyul 2026, 14:27

Lənkəranda tullantı atanlar cərimələndi

Bütün xəbərlər
29 iyul 2026, 13:58

Küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Oxşar xəbərlər