Masallıda Birinci Qarabağ və Vətən müharibələri qəhrəmanlarının tanıdılması məqsədilə “Vətənin ölməz oğulları” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 iyul tarixində Masallı Regional Mədəniyyət İdarəsinə istinadən verir.
Tədbirdə iştirak edən mədəniyyət müəssisələrinin əməkdaşları və şəhid ailələrinin üzvləri layihənin əhəmiyyətindən danışaraq iyul ayında doğulan Birinci Qarabağ, o cümlədən 44 günlük Vətən müharibəsində döyüşmüş əsgər və zabitlər haqqında geniş məlumat veriblər.
Sonra şəhidlərin doğmaları öz əzizləri ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşərək, qazilərimizə, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətə minnətdarlıq bildiriblər.
Yekunda tədbirdə iştirak edən və iyul ayında doğulan şəhidlərin ailələrinə layihə təşkilatçıları tərəfindən “Təşəkkürnamə” təqdim olunub, xatirə şəkilləri çəkilib.