SON XƏBƏRLƏR

Ötən ilin oktyabr ayında təmir olunan, noyabr ayında isə çökən Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsinin asfalt örtüyü verilən vədlərə baxmayaraq, hələ də təmir olunmayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 may tarixində verir.

Redaksiyamıza müraciət edən sakinlər bildiriblər ki, yolun asfalt örtüyü tamamən çöküb, çuxurlar isə avtomobillərə ziyan vurur.

“Bu yolun xoş günü cəmi 1 ay çəkdi. Sevindik ki, təmir olunub, amma nə fayda, vəziyyət təmirdən öncəkindən daha da bərbad oldu. Artıq, demək olar ki, bu yolda avtomobil idarə etmək mümkün deyil. Sürücülər çuxurlardan yayınmaq üçün məcburən əks yola çıxırlar, bu da qarşıdan gələn avtomobillərə qəza şəraiti yaradır”, – deyə sakinlər bildiriblər.

Qeyd edək ki, Lənkəran şəhər İcra Hakimiyyətinin rəsmisi 4 ay öncə sözügedən yolun asfaltlanması ilə bağlı bildirib ki, yolun çökməsinə görə tenderdə qalib gələn şirkət məsuliyyət daşıyır. Şirkət öz vəsaiti hesabına yolun yenidən təmir olunmasını təmin edəcək. Lakin hava şəraiti ilə bağlı yolun təmiri dayandırılıb.

Tenderdə qalib gələn şirkət barədə məlumat almaq istəsək də, sualımız cavabsız qalıb.