Masallıda nəqliyyat vasitələrinin rahatlıqla hərəkət etməsini təmin etmək üçün 38 km-lıq yola asfalt çəkilir. Bu haqda bu gün, 15 may tarixində Cenublu.az AAYDA-ya istinadən xəbər verir.
Rayonun dəmir yolu stansiyası avtomobil yolunun 4-cü km-dən ayrılan Ləngan, Əhmədli, Təklə-Viləş, Təklə-Mollahəsənli, Həsənli-Köçəkli, Bala-Təklə-Şərəfə, Qədirli-Xallıcalı, Hüseynhacılı-Öncəqala avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri davam edir.
51 min sakinin istifadə etdiyi yollarının eni 10 metrə qədər genişləndirilir. Layihə üzrə yolun Ləngan (1.4 km), Əhmədli (1.4 km) hissələri üzrə torpaq işləri və yol əsasının alt layının vurulması işləri icra olunub. Təklə-Mollahəsənli (2 km) hissəsində isə torpaq işləri və yol əsasının alt layının tikintisi bitib.
Yolun Həsənli-Köçəkli (6.9 km) hissəsində hazırda torpaq işləri, suötürücülərin inşası və yol əsasının tikintisi işləri aparılır.
Layihənin Qədirli-Xallıcalı (3 km) hissəsində torpaq işləri, yol əsasının alt layının tikintisi yekunlaşıb, suötürücülərin inşası isə son mərhələdə olmaqla davam edir. Yolun Təklə-Viləş (9 km) hissəsində hazırda yol əsasının alt layı inşa olunur.
Qeyd olunub ki, layihənin bu hissəsi III və IV texniki dərəcəyə uyğun olaraq tikilir. Hüseynhacılı-Öncəqala (9 km) hissəsində ardıcıllığa uyğun olaraq, torpaq işləri, suötürücü boruların quraşdırılması, yol əsasının tikintisi və asfaltlanma işləri yekunlaşıb. Həmin hissədə müxtəlif ölçülü 13 dəmir və 13 dəmir-beton suötürücü boru tikilib.
Aparılan işlər çərçivəsində layihənin Təklə-Viləş hissəsində Viləş, Taxta və Ağqobu çayları üzərində yerləşən mövcud avtomobil körpülərinin cari təmiri də icra olunacaq.
“İnşaat Norma və Qaydaları”na əsasən, layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə istifadəyə veriləcək.