SON XƏBƏRLƏR

Masallının kəndində asfalt örütüyünün olmaması sakinlər üçün xoşagəlməz şərait yaradır. Bu haqda məlumat bu gün, 16 fevral tarixində Baku TV-də paylaşılıb.

Söhbət rayonun Qədirli kəndindən gedir. Sakinlər bildirir ki, təcili tibbi yardım xəstənin evinə, yanğın söndürən isə hadisə yerinə vaxtında gedib çata bilmir.

“200 metr o tərəfdə oğlum yaşayır, onun 4 uşağı var, hamısı məktəblidir. Onların evindən məktəbə gedən yol pis gündə olduğundan, uşaqlar bizim evə kimi rezin çəkmələr geyinirlər. Daha sonra bizdə ayaqqabılarını dəyişib məktəbə yollanırlar”, – deyə kənd sakini əlavə edib.

Ətraf kəndlərə asfalt çəkilsə də, 1300 nəfər sakinin yaşadığı Qədirli kəndinin məsələsi həll edilməyib.

Baku TV icra nümayəndəliyinə faktla bağlı müraciət edib. “2019-cu ildə qərar əsasında asfaltlanma işləri görülüb. Yəni bütün kəndlərdə demək olar ki, asfalt işləri görülüb. Dəlləkli və Qədirli kəndlər arası yol qalıb, hal-hazırda o da dövlət planındadır. Yaxın bir vaxt ərzində asfalt çəkiləcəkdir”, – icra nümayəndəsi Nihat Allahverdiyev cavab olaraq qeyd edib.