SON XƏBƏRLƏR

Masallı rayonunun Şəhriyar kəndinin yolları yararsız vəziyyətdədir. Bu haqda məlumatı Apa verib.

3 km-lik keçilməz yol Şəhriyar və Qarğalıq kəndləri arasında yerləşir. Sakinlərin sözlərinə görə, kəndə nəqliyyat vasitələri işləmir. “Mən oğlumu ərzaq dalınca atla göndərirəm. Maşın getmir. Hətta bir dəfə Təcili Tibbi yardim çağırmışdıq, gəlmədi”, – kəndin yaşlı sakini deyib.

Yağış yağdıqda vəziyyət daha da kəskinləşir. Uşaqlar məktəbə gedə bilmirlər. Vəziyyət o yerə çatıb ki, şəraitsizlikdən kənddən köç başlayıb. Artıq 30-a yaxın ailə kənddən köçüb.

Sakinləri narahat edən yolla bağlı Şəhriyar kəndinin balansında olduğu Qarğalıq kənd bələdiyyəsinə müraciət olunub. Bələdiyyə sədrinin sözlərinə görə, yolda təmir işləri 2023-2024-cü illərdə aparılmasına dair işlər görüləcək.