Lənkəran şəhərində “Xatirə bağı” aksiyası keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 aprel tarixində Azertac-a istinadən verir.
Tədbir İkinci Dünya müharibəsində canlarından keçmiş qəhrəman azərbaycanlılara həsr edilib. Lənkərandakı Müqəddəs Tanrıdoğuran Himayədarı məbədinə bitişik ərazidə 20 yasəmən və maqnoliya tingi əkilib.
Tədbir Bakıdakı Rus Evi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası və Azərbaycan Rus Gənclər Assosiasiyası tərəfindən təşkil edilib.
Beynəlxalq “Xatirə bağı” aksiyası “Xatirə bağı” muxtar qeyri-kommersiya təşkilatının, Ümumrusiya “Qələbə könüllüləri” ictimai hərəkatının və Qələbə sərkərdələrinin Xatirə Fondunun təşəbbüsü ilə 2020-ci ildən keçirilir.
Aksiyanın əsas məqsədi İkinci Dünya müharibəsi illərində həlak olmuş döyüşçülərin hər birinin xatirəsini anmaq üçün 27 milyon ağac əkməkdir.
Bakı Yeparxiyasının katibi, arximandrit Aleksi Nikonorov ibadətdən sonra tədbirə toplaşanlara müraciət edib, daha sonra Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Andrey Rumyantsev tədbirin qonaqlarını salamlayıb, “Rossotrudniçestvo” agentliyinin Bakıdakı nümayəndəliyinin şöbə rəisi Dmitri Yeqorov aksiyanın mahiyyəti barədə söhbət açıb.
Tədbirdə Lənkəran Rayon İcra Hakimiyyətinin nümayəndələri, din xadimləri, rusiyalı həmvətənlər iştirak ediblər.