SON XƏBƏRLƏR

Lənkəran şəhəri, Zərifə Əliyeva ilə Kamil Kazımov küçələrinin kəsişməsində yerləşən üstü açıq xəndək sakinləri narahat edir. Bununla bağlı onlar bu gün, 20 sentyabr tarixində Cenublu.az-a müraciət ediblər.

Sakinlərin sözlərinə görə, sürücülər tez-tez bu xəndəyə düşürlər və avtomobillərinə ziyan dəyir.

“Əvvəllər xəndəyin üstündə beton örtük var idi. Zamanla qırıldı. Xəndəyin açıq olması sürücülərə həm təhlükə yaradır, həm ziyan vurur. Qarşıdan yük maşını gəldikdə və ya dönmə əməliyyətı etdikdə, avtomobillər məcburən yolun sağını tuturlar və xəndəyə düşürlər, ya da məcburən yolun əks istiqamətinə çıxaraq cərimələnirlər. Ən çox hadisə axşamlar baş verib. Sürücü görmür və xəndəyə düşür. Dəfələrdə evakuator gəlib xəndəkdən avtomobil çıxarıb. Məsələnin tezliklə həll olunacağına ümüd edirik”, – deyə sakinlər bildiriblər.