SON XƏBƏRLƏR

Lənkəranda su borusunun sızıntısı problemi yaşanan küçədə yol qazılıb, boru açıq vəziyyətdə saxlanılıb və yol təmir olunmayıb. Bu haqda bu gün, 15 sentyabr tarixində Cenublu.az xəbər verir.

Söhbət şəhərin Şah İsmayıl Xətai küçəsində yer altından keçən borudan gedir. Bir neçə gün öncə borunun təmiri ilə bağlı məlumat vermişdik. “Azərsu” ASC-nin əməkdaşları sızıntını aradan götürmək üçün yolu qazırdı.

Hazırda isə vəziyyət göz qabağındadır. Sızıntı olan yer tapılıb, üstü açılıb, lakin yol yenidən bərpa olunmayıb. Məhəllənin girişində aparılan qazıntı işləri sakinlər üçün məhdudiyyətlər yaradıb. 6 ailənin yaşadığı məhəlləyə sakinlər avtomobilləri ilə rahat keçə bilmirlər.

Sakinlərdən biri qeyd edir ki, ərazinin qazılaraq açıq vəziyyətdə qalmasından narazıdır. Qazıntı zamanı yaxınlıqdakı xəndək qumla dolub. Yığılan sular daşaraq sakinlərin həyətlərinə axır.

Həmçinin suyun qazılmış yerdə qalması pis qoxuya səbəb olur.

Sakinlər aidiyyəti qurumların tez bir zamanda məsələni həll edəcəyinə ümid edirlər.