Bir neçə gün öncə Sütəmurdov kəndində qəzanın baş verdiyi əraziyə radarlar quraşdırılır. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 may tarixində verir.
Hal-hazırda kəndin girişi sayılan Heydər Əliyev küçəsində işlər aparılır. Əraziyə 3 radarın quraşdırılması nəzərdə tutulub. Radarların ikisi Heydər Əliyev prospektinə, digəri isə H.Əliyevlə şəhid Qüdrət Məmmədzadə küçəsinin kəsişməsində quraşdırılacaq.
Qeyd edək ki, 19 may axşam saatlarında Sütəmurdov kəndində baş vermiş qəzada 21 yaşlı Əli Rufullazadənin idarə etdiyi “Hyundai” markalı avtomobilin 37 yaşlı Nahid Turabovun idarə etdiyi “VAZ-2106” avtomobili ilə toqquşması nəticəsində sonuncunun sürücüsü hadisə yerindəcə vəfat edib. Avtomobildə sərnişin qismində əyləşən 39 yaşlı Ülviyyə Hüseynova isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
21 yaşlı Əli Rufullazadə Lənkəran rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində çalışan mama-ginekoloq Mehparə Rufullayevanın oğludur. O, ötən ilin avqust ayında “VAZ-2107” avtomobili ilə Nizami və Tağıyev küçələrinin kəsişməsində ölümlə nəticələnən daha bir qəza törədib.
Nahid Turabov isə evli idi. O, Lənkəranda taksi fəaliyyəti ilə məşğul idi. Onun 2 azyaşlı övladı var.
