Lənkəran rayonu Gəgiran kəndinin yolu yararsız haldadır. Bu haqda məlumatı bu gün, 1 noyabr tarixində kənd sakinləri Cenublu.az-a veriblər.
“İkinci Qarabağ müharibəsində kəndimiz 7 şəhid verib. Onların məzarlarını gedib ziyarət etmək olmur, çünki bu yollardan heç bir marşrut keçə bilmir” – deyə sakinlərdən biri söyləyib.
“Bizim kənddə 15 nəfərə yaxın tələbə, bir neçə abituriyent var. Onlar dərsə gedə bilmirlər və məcburən şəhərdə 60-70 manat kirayədə qalırlar. Asfalt yolumuz olsaydı, ictimai nəqliyyatda işləyərdi və uşaqlar öz evlərində valideynləri ilə qalardılar”- deyə o qeyd edib.
Həmçinin o, “kəndin mərkəzindən bir nəfəri rayon mərkəzinə 5 manata aparırlar (gediş-gəliş 10 manat edir). Payız-qış aylarında yağıntılardan sonra yol bataqlığa çevrilir. Ona görə də sürücülər belə qiymət qoyublar” – əlavə edib.
