Cəlilabad rayonunun Qarakazımlı kəndinin yolları bərbad vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 aprel tarixində Report.az-a istinadən verir.
Sakinlərin sözlərinə görə, kəndin yolları uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb. Kənd camaatı bildirib ki, bir qədər yağış yağan kimi yolda palçıq yaranır və burada hərəkət etmək çətinləşir.
Məsələ ilə bağlı Cəlilabad rayon Bələdiyyələri Əlaqələndirmə Şurasından bildirilib ki, kənd sakinlərinin bələdiyyəyə vergi borcları yığılıb. Həmin vergi borcları ödənildikdən sonra problem öz həllini tapacaq.
Qeyd edək ki, kənd rayon mərkəzindən təxminən 30 km aralıda yerləşir. Qarakazımlı kəndinin yolundan qonşu Moranlı, Dələli və digər kəndlərin də sakinləri istifadə edirlər.