Cəlilabad rayonu ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan mikroavtobusların istismar müddəti başa çatıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 yanvar tarixində Report.az-a istinadən verir.
Belə ki, mikroavtobusların döşəmələri çürüyüb, oturacaqları isə yararsız hala düşüb. Buna görə də yayda istidən və tozdan, qışda isə soyuqdan və palçıqdan nəqliyyat vasitələrindən istifadə etmək sərnişinlər üçün əsl problemə çevrilib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qurum tərəfindən ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə avtobus parkının yenilənməsi daim diqqət mərkəzində saxlanılır.
Qeyd olunub ki, sərnişindaşıma bazarında rəqabətli mühitin yaradılması, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi məqsədilə marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir: “Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır. Həmçinin şəhərdaxili marşrutlarda sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sahibkarlarla mütəmadi görüşlər keçirilir. Görüş zamanı sahibkarlara avtobusların yenilənməsi tövsiyə edilir”.