SON XƏBƏRLƏR

Cəlilabad rayonunda avtomobil yolları əsaslı şəkildə yenidən qurulur. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 oktyabr tarixində APA-ya istinadən verir.

Belə ki, yenidənqurma işləri rayonun 14 yaşayış məntəqəsini birləşdirən kəndlərarası avtomobil yollarında aparılır. Ümumi uzunluğu 36.2 km, eni ortalama 10 metr olan yolların örtüyü torpaq əsaslı olduğundan nəqliyyatın və vətəndaşların rahat hərəkətində problemlər yaranırdı.

Yenidənqurma işləri Cəlilabadın:

  •  Təklə-Abazallı;
  •  Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı;
  • Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı;
  • Şiləvəngə-Adnalı-Bədirli marşrutu üzrə kəndlərarası avtomobil yollarını əhatə edir.

Layihə çərçivəsində uzunluğu 5.5 km olan Şiləvəngə-Adnalı-Bədirli və 2.5 km-lik Təklə-Abazallı hissələrində torpaq işləri, suötürücü boruların quraşdırılması, yol əsasının tikintisi yekunlaşıb. Sözügedən hissələrdə növbəti mərhələ üzrə asfaltlanma, yol çiyinlərinin bərkidilməsi işləri tam olaraq yerinə yetirilib. 28.2-km uzunluğa malik Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı və Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı kənd yollarında aparılan torpaq işləri, layihə üzrə nəzərdə tutulan suötürücü boruların və yol əsasının inşası sona çatdırılıb. Artıq sözügedən yolların 12 km-lik hissəsində asfaltlanma işləri yekunlaşıb.

Qeyd edək ki, sözügedən yollarda işlər “İnşaat Norma və Qaydaları”na əsasən, texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılacaq. Beləliklə, ərazidə yaşayan 14 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.