SON XƏBƏRLƏR

Cəlilabad rayonunun Suluçeşmə kəndinin yolları pis vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 noyabr tarixində Report.az-a istinadən verir.

Sakinlərin sözlərinə görə, yollar bərbad vəziyyətə düşdüyündən piyadalarla yanaşı, nəqliyyat vasitələrinin də hərəkəti çətinləşib. Onlar rayon mərkəzinə getmək üçün min bir əziyyət çəkməli olurlar.

Yola vaxtaşırı olaraq sakinlər tərəfindən öz hesablarına çınqıl-daş tökülsə də, bu, müvəqqəti xarakter daşıyır və problem də köklü şəkildə həll olunmur. Tökülən çınqıl-daşlar qış ayları ərzində palçığa batır və ya yük avtomobillərinin hərəkəti nəticəsində yerin torpaq qatına qarışır. Bununla da qısa müddət ərzində yol yenidən bərbad vəziyyətə düşür.

Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinin Suluçeşmə kəndi üzrə icra nümayəndəliyindən bildirilib ki, yolun asfaltla örtülməsi məsələsi planda yoxdur. Qeyd edilib ki, sakinlər kənd bələdiyyəsi ilə yığışıb, yolda təmir-bərpa işləri apara və bununla da problemi tam aradan qaldıra bilərlər.

Qeyd edək ki, Suluçeşmə kəndi rayon mərkəzindən 3 kilometr aralıda yerləşir.