SON XƏBƏRLƏR

Alar kəndi Cəlilabad şəhərindən 15 km şimal istiqamətində, İncəçayın sahilində yerləşir. Bəzi mənbələrdə yaşayış yeri “Allar” və “Alılar” kimi də qeyd olunur [2]. Alar kəndi Yüzev, Əlliev, Alıcəfərli və Muradxanlı adlı məhəllələrə bölünür [6].

Alarlar (alarlılar) XIII əsr monqol yürüşlərində iştirak edib, türk-monqol mənşəli oyrat tayfalarının bir qolu olub, həmin əsrdə Cənub bölgəsinə köçüblər. XIX əsrdə alarlar canşahlı (cahanşahlı) tayfalarına daxil olublar [5].

XVI əsrdə bir nəsil kimi tanınan, I Şah Abbas tərəfindən torpaq sahəsi ilə təmin edilən alarlar türkdilli şahsevən tayfalarından biri olub, özlərini Şah İsmayıl tərəfdarı, qızılbaş hesab ediblər. Bununla bağlı onların bir deyimi mövcuddur: “Qızılbaşdır əslimiz, Şahsevəndir nəslimiz” [2,6].

Alar mahalı XVIII əsrdə Talış xanlığının tərkibində olan mahallardan biri olub. Bir çox əsərlərdə qeyd olunur ki, alarların xanlığın siyasi, iqtisadi və hərbi həyatında böyük rolu olub.

Alarlar rus işğalına qarşı 1830-cu illərdə, bundan əlavə, 1904-1905-ci illərdə müqavimət göstəriblər. Onlar, həmçinin Cənubi Azərbaycanda XX əsrin əvvəllərində Səttar xan hərəkatı başlayandan sonra Təbriz müdafiəçilərinə Məmmədqulu xan Alarski başda olmaqla ilk yardım göstərənlərdən biri olublar.

Profesor M.M.Seyidovun dediklərinə əsasən, “alar” sözündəki “al” türk dillərindən tərcümədə uca, güclü, qırmızı, od deməkdir, “ar” (ər) isə kişi, igid anlamında işlənir, yəni kəndin adı “igid nəsil” mənasını daşıyır. Digər versiyaya görə, kəndin bu cür adlandırılması Yardımlının Alar ərazisinə gəlmiş Alı adlı şəxslə bağlıdır. Onun övladlarına və törəmələrinə başqa kənd sakinləri Alılar, həmin yerə isə Alar deyirdilər [2].

Kəndin ərazisində bir neçə tarixi abidə mövcuddur: eneolit dövrünə aid Ölütəpə yaşayış yeri, XX əsrin sonunda inşa edilmiş kənd məscidi, Seyid Miryusif ağa türbəsi və s. [2,6].

Əhali, əsasən, üzümçülük, əkinçilik və maldarlıqla məşğuldur [2].

1886-cı ilə aid olan siyahıyaalınmaya görə, Alar kəndində 1248 nəfər yaşayıb [1]. 2009-cu ilin statistik göstəricilərinə əsasən, kənddə 7146 nəfərin yaşadığı qeydə alınıb [3].

Ədəbiyyat:

  1. Свод статистических данных о населении Закавказского края, извлечённых из посемейных списков 1886 года. Тифлис-1893.
  2. Mahmudağa Qasımov. Cəlilabadın tarixi, etnonim və toponimləri. Bakı-2014.
  3. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı-2010.
  4. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  5. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı-2007.
  6. https://www.youtube.com/watch?v=QuJn4XecUM4

Cəlilabadın Alar kəndi
Cəlilabadın Alar kəndi
Cəlilabadın Alar kəndi
Cəlilabadın Alar kəndi
Cəlilabadın Alar kəndi Cəlilabadın Alar kəndi Cəlilabadın Alar kəndi Cəlilabadın Alar kəndi