SON XƏBƏRLƏR

“Əvəsor folklor kollektivi” 1965-ci ildə Astara rayonunun Kakalos kəndində Fəxri Mədəniyyət İşçisi  Fərbiyə Şabanovanın təşəbbüsü ilə yaradılıb. 12 iyun 2000-ci ildə “Əvəsor folklor kollektivi”-nin adı dəyişdirilərək “Əvəsor xalq kollektivi” olub.

“Əvəsor” sözünün talış dilində iki mənası var. Bu söz həm bahar, həm də ilin əvvəli deməkdir. Bir çox şərq xalqlarında il bahardan başladığına görə, talışlar da ilin əvvəlini, birinci ayını “Əvə”, “Sor” yəni “İlin əvvəli” adlandırırlar.

Kollektiv respublikada keçirilən tədbirlərdə və beynəlxalq festivallarda da çıxış edib. Onlar 1988-ci ildə Rumıniyada, 1991-ci ildə Dağıstanda, 1993 və 1995-ci illərdə Türkiyədə keçirilən folklor festivallarında çıxış ediblər. “Əvəsor xalq kollektivi” 1993-1998-ci illərdə ümummilli lider Heydər Əliyevin andiçmə mərasimində də çıxış edib.

“Əvəsor”-un yaradıcısı və rəhbəri Fərbiyə Şabanova deyib ki, repertuarlarının əsasını anasından götürdüyü bayatılar və nəğmələr təşkil edir. Kollektivin repertuarında “Talış toyu” kompozisiyası, “Biçində”, “Qardaş, toyun mübarək”, “Naz etmə” rəqsləri, “Lay-lay”, “Elçilik”, “Xınayaxdı” və s. folklor nümunələri var. Fərbiyə xanım bütün tədbir və rəqslər üçün kollektivin istifadə etdiyi geyimləri özü tikir.

Onların toy tamaşasının mərhələli prosesində yer alan mahnıları bunlardır: “Keynə babe” (Nə vaxt olacaq), “Doy sədə qıle bıl-bıl” (Budaqda sarı bülbül), “Ha kinə məşi” (Ay qız getmə), “Nanana nanay nananay yar hey”, “İstiotum, ispanağım, gəl mənim əziz qonağım”, “Ulduz ay aman”, “Dəst-dəst maral hey”, “Dağlar hey”, “Boyu bəstə gəlinin”, “Çağır oğlan anasın desin mübarək badey”, “Mübarək, ay mübarək”, “Kəkili manqal oğlan, mən ölüm sən qal oğlan”, “Şəvi şanbəye kinə” (Bir 49 gecənin qonağı qız), “Əylən gəlin, əylən gəlin”.

Hazırda kollektivdə iki yaş qrupu var. Birinci yaş qrupunda 7-13, ikinci yaş qrupunda isə 14-40 yaş arası üzvlər fəaliyyət göstərir.

Mənbələr:

  1. Fərbiyə Şabanova, Şadoğlan Bayramov. Talış bölgəsinin nəğmələri. Bakı-2004.
  2. Səadət Fərziyeva. Azərbaycanın cənub-şərq bölgəsinin “Halay” rəqs mahnıları. Bakı-2014.
  3. https://sputnik.az/20170626/her-shey-uc-gulden-bashladi-410810278.html
  4. https://azertag.az/xeber/Avesor_bahar_teravetli_negmeleri_ve_reqsleri_ile_folklor_numunelerimizi_teblig_edir_VIDEO-917675