Ərçivan kəndi Astara rayonunun eyniadlı qəsəbəsində, Ərçivan çayının sahilində, Lənkəran ovalığında yerləşir.
Bu kəndin adı ilə bağlı bir neçə fikir mövcuddur. Bəzi mənbələrə görə, bu toponim talış dilindən “ərç” (dəyirman) və “van” (məskən, ev, yaşayış yeri) ibarət “dəyirman yeri” kimi tərcümə olunur.
Digər mənbələrə əsasən, türk dillərində “arca” (ardıc ağacı) və “van” (məkan, yer) sözlərindən düzəlmiş “ardıc ağacı bitən yer” mənasını daşıyır [3].
Həmçinin kəndin adının “ərəçəkənlər” sözündən yarandığı, yəni “mışarçəkənlər” mənasını daşıdığı güman edilir.
Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai 13 yaşında olarkən buradan kiçik bir dəstə ilə 1499-cu ilin avqustunda Ərçivan kəndinə gəlib və qışı burada keçirib [6]. Bununla bağlı kənddə “Səfərə məhəllə” deyilən yer mövcuddur [1].
Burada “Ulduz” filminin bir çox səhnələri çəkilmişdir. Filmin əsas səhnələrindən olan Məhəmmədlə Züleyxanın dialoqu, məhz bu kənddəki ləmdə lentə alınmışdır [4].
28 dekabr 2012-ci ildə Astara rayonunun Ərçivan kənd inzibati ərazi dairəsinə qəsəbə statusu verilib.
1915-ci ilə olan “Qafqaz təqvimi”ndə əhalinin siyahıyaalınması məlumatına əsasən, Ərçivan kəndində 1084 nəfər yaşayırdı [2]. 2009-cu ilin statistik göstəricilərinə əsasən, bu kənddə 8771nəfərin yaşadığı qeydə alınıb [5].
Ədəbiyyat:
- Gülnar Əsədli. Nura qərq olunmuş Astaram. Bakı-2004.
- Кавказский календарь на 1915 год. Тифлис-1914.
- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Azərbaycan Respublikası əhalisinin siyahiyaalınması 2009-cu il. I cild. Bakı-2010.
- https://avestatalysh.com/2017/10/25/sah-s%C9%99fi-bulagi/
- https://president.az/az/articles/view/7011



