SON XƏBƏRLƏR

Telman kurqanları Astara rayonunun şimal-şərqində, rayon mərkəzindən 30 km. uzaqda, Çayoba kəndinin ərazisində yerləşir. Bu kurqanlar e.ə. III minilliyə, yəni tunc dövrünə aid edilir.

Kurqanlar aşkar edilərkən Çayoba kəndi alman kommunistlərinin lideri Ernest Telmanın şərəfinə Telman adlandığına görə kurqanlar da Telman kurqanları kimi qeydə alınıb [2].

Burada iki kurqan yerləşir [1]. Bu kurqanlar 1965-ci ildə tarix elmləri namizədi Fərman Mahmudov tərəfindən tədqiq edilib [2].

Telman kurqanlarında kromlexlə (dairəvi olaraq yerə şaquli şəkildə yerləşdirilən bir neçə uzunsov daş) əhatə edilmiş daş qutu və sərdabə formalı qəbirlər aşkar edilib. Burada, həmçinin gil qablar, saplaqlı tunc nizə ucları, yastı tunc baltalar, dördtilli bizlər, daşdan qaban fiquru, oxla birləşdirilən bir cüt kiçik gil təkər və s. tapılıb.

Saplaqlı nizə ucları və iskənə Azərbaycanın cənub-şərqində yaşamış əhalinin Ön Asiya tayfaları ilə əlaqəsini göstərir. Bu kurqanlar e.ə. III minilliyin ortalarında Talış ərazisində metallurgiyanın inkişafını və yerli tayfaların tunc məmulatı hazırladıqlarını göstərir [1].

Arxeoloq Fərman Mahmudov Telman kurqanlarının e.ə. IV-III minilliyin Kür-Araz mədəniyyətinin Azərbaycan ərazisində Xəzər dənizi sahillərinə qədər olduğunu və kurqan dəfnetmə adətlərinin artıq III minilliyin ortalarında yayıldığını qeyd edib [2].

Ədəbiyyat:

  1. Azərbaycan Milli ensiklopediyası. Bakı-2010.
  2. http://www.anl.az/down/meqale/az_azerbaycan/2020/yanvar/22.JPG