SON XƏBƏRLƏR

1918-ci ilin yanvarından daşnak-bolşevik quldur dəstələri Lənkəran qəzasına basqın etməyə başladı. Nəticədə Lənkəran qəzasında 40-dan çox kənd yandırıldı, həmçinin Gərmətükdə bir gün ərzində 70-dək, Mamusta və Kərgəlanda 30-dək, Girdənidə 20-dək, Sütəmurdovda isə 20-dən çox dinc sakin qətlə yetirildi [1].

Bununla bağlı Müsəlman Cəmiyyətinin nümayəndəsi Teymur bəy Bayraməlibəyov bir çox nüfuzlu insanlara müraciət edərək, Lənkəran qəzasında ermənilərin yerli əhaliyə qarşı etdikləri qırğınlar haqqında məlumat verib və onlardan yardım etməsini xahiş edib.

Bayraməlibəyov 1 noyabr 1918-ci ildə Bakıda Qafqaz İslam Ordusunun baş komandanı Nuru paşanın qəbulunda ona qəzada baş verən hadisələrdən danışdı. Lakin Osmanlı dövləti Mudros barışığına görə həmin zaman Cənubi Qafqazı tərk etməli olduğundan, yardım göstərə bilmədi [3]. Osmanlı ordusu Azərbaycanı tərk etdikdən sonra ermənilərin qəzada özbaşınalığı daha da artdı.

14 noyabr 1918-ci ildə Bayraməlibəyov, həmçinin Axund Molla Əli Tağızadə və Yusif Qəribzadə İrandakı Böyük Britaniya konsulu Hevelke ilə görüşərək erməni dəstələrinin Lənkəran qəzasındakı əhaliyə hücumu haqqında sənədləri ona təqdim ediblər. Lakin ingilis konsulu əhaliyə yardım etməyib.

28 dekabr 1918-ci ildə Teymur bəy və nümayəndə heyəti Bakıda general Tomsonla görüşərək qəzanın ermənilərdən təmizlənməsini xahiş edib.

Teymur bəy “Azərbaycan” qəzetinin 15 noyabr 1918-ci il tarixli sayında olan məqaləsində yazırdı: “Avetisovun dəstəsi hakimiyyətin ona hər cür imkan verməsindən istifadə edərək bu günə qədər heç bir maneəyə rast gəlmədən evlərdə yoxlama aparmağı, mənzilləri qarət etməyi, köməksiz müsəlmanları tutmağı, lazım gələrsə, öldürməyi davam etdirir” [2].

2 yanvar 1919-cu ildə Teymur bəy Bayraməlibəyov Azərbaycan Nazirlər Sovetinin sədrinə ərizə ilə müraciət edib. Ərizədə o, Dövlətlər İttifaqının Qərargahından ərazidə qanun-qayda yaratmaq və buraya üç zabit və 30 ingilis əsgərindən ibarət kiçik bir dəstə ezam edilməsinin lazım olduğunu qeyd edib.

1919-cu ilin yayında Nuru Paşanın sərkərdələrindən biri Camal paşanın başçılığı ilə gələn ordu və Azərbaycan Milli Ordusu Lənkəran qəzasına daxil olduqdan sonra burada ermənilərin törətdikləri soyqırıma son qoyuldu [3].

Ədəbiyyat:

  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  2. http://www.anl.az/down/meqale/azerbaycan/2012/mart/241136.htm
  3. http://www.anl.az/down/meqale/azerbaycan/2017/mart/535372.htm