SON XƏBƏRLƏR

 Miki kəndi Astara şəhərindən təxminən 45 km aralıqda, Talış dağlarında yerləşir.

Yerli sakinlərin dediklərinə görə, əvvəllər kəndin adı “Miyanküy” olub. Talış dilindən tərcümədə “miyan” (orta) və “küy” (dağlar) deməkdir, yəni “dağların ortasında kənd”. Sonradan kəndin adı dəyişərək “Miki”-yə çevrilib [4].

Kəndin adının yaranması haqda bir neçə versiya var. Kəndin adı qədim Miki tayfasının adından götürdüyü ehtimal edilir [2]. Həmçinin kəndin adının XII əsrdə bu ərazilərdə gedən döyüşlərdə həlak olan və burada qəbiristanlıqda dəfn edilən Monkin adlı tatar sərkərdəsi ilə bağlı olduğu iddia edilir. Deyilənə görə, kəndin adı da “Monkinin öldüyü yer” kimi, sonralar Miki adlandırılıb [4].

Çoxsaylı qəbiristanlıqlar və pirlər kəndin qədim tarixi olduğunu sübut edir. Məsələn, bu kənddə Miki dolmen nekropolu (arxeoloji qazıntılar zamanı tapılan məzarlıqlara verilən addır) arxeoloji abidəsi yerləşir. Nekropolun yaranma tarixi e.ə. II minilliyin sonu-I minilliyin əvvəlinə aid edilir. Nekropol dünyanın ən qədimlərindən biri sayılır.

Miki kəndinin şimal hissəsində Monkəllə deyilən yer var. Deyilənlərə gorə, burada monqollarla döyüşlər olub. Döyüşlərdə həlak olan monqollar, məhz burada dəfn olunduqlarına görə, “monqol kəllələrinin bastırıldığı yer”, yəni “Monkəllə” adlandırılıb [1].

Hal-hazırda Miki kəndinin sakinləri arıçılıq, maldarlıq və sitrusçuluq məşğul olurlar. Ümumilikdə Astara rayonunda 27-30 minə yaxın arı ailəsi var, onlardan təxminən 3 mini bu kənddə yerləşir. Deyilənə görə, buranın balı o qədər məşhur idi ki, Rusiya çarı I Pyotr da bu baldan ona gətirilməsini istəmişdi [4].

Kənd əhalisinin arı və bal ilə bağlı bir çox deyimləri var. Onlardan biri də budur:

Arı Peyğəmbərə deyib: “İcazə ver, mən qızıl gətirim, insanı sancım ki, ölsün”. Peyğəmbər isə deyib: “Yox. Sən bal gətir, adamı sanc və özün öl” [2].

1915-ci ildə Miki kəndində 175 nəfər yaşayırdı [3]. 2018-ci ildə kənddə 886 nəfər yaşayırdı [4].

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Aynur Talıbova. Get closer to Azerbaijan. İstanbul-2009.
  3. Кавказский календарь на 1915 год. Тифлис-1914.
  4. https://sputnik.az/20180714/bu-kendde-ilde-30-40-tona-yaxin-bal-tedaruk-olunur-416196177.html