SON XƏBƏRLƏR

Hacı Zeynalabdin Tağıyevin ikinci evliliyindən olan oğlu Məhəmməd Tağıyev, Lənkərandakı “Dikaya diviziya”-nın (Birinci dünya müharibəsi dövründə Qafqazın müsəlman əhalisindən təşkil edilmiş süvari diviziya) qoşun hissəsində xidmət edirdi. “Dikaya diviziya” çar dövründəki “Strajniklər” idarəsində yerləşirdi (indiki Lənkəran Tibb Kollecinin binası).

Zeynalabdin Tağıyev Məhəmmədin heç kimə arxayın olmasına yol vermirdi. O, həmişə istəyirdi ki, oğlu həyatın çətinlikləri ilə özü mübarizə aparmağı öyrənsin. Anası nə qədər etiraz etsə də, Məhəmməd Lənkərandakı “Dikaya diviziya”-ya qoşulmuşdur.

Bir gün “Dikaya diviziya”-nın gənc zabitləri tapancanın topunda bir güllə saxlayıb, topu fırlayıb bəxtlərini sınayırdılar. Məhəmməd Tağıyev bu yolla öz bəxtini sınamaq üçün tapancaya bir güllə qoyub fırladır. Güllə onun başına dəyir və 18 yaşlı Məhəmməd ölür. Onun cənazəsini bir dəstə zabit Bakıya paroxodla aparmışdır.

Məhəmmədin bacısı Sara xanım bu hadisəni belə xatırlayırdı: “Ailəmizdə ən dəhşətli gün qardaşım Məhəmmədin ölüm xəbəri gələndə oldu. Anama demədik. İlk oğlu idi. Hamıdan çox onu sevirdi. On səkkiz yaşı vardı… Bir qıza vurulmuşdu. Anam çox cəhd etdi, Hacı dedi ki, çox cavandır, qoy bərkdən-boşdan çıxsın”.

Yeznəmiz Əli Əsədullayev dilə tutub Məhəmmədi apardı Lənkərana, “Dikaya diviziya”-ya. Anam qoymurdu getsin. Üç dəfə adam göndərdik ki, qaytarsınlar. Baş tutmadı. Məhəmməd qulaq asmadı. Görünür taleyi belə imiş. Nə isə… Ölməmişdən iki ay əvvəl Məhəmməddən məktub almışdıq. Yazırdı ki, tövlədə yatırıq, başımızın altında yəhər… Məni Hacının kabinetinə çağırdılar. Atam ağlayırdı, saqqalından yaş damcılayırdı. Mənə bir teleqram uzatdı. Oxudum: “Мамед застрелился” (Məhəmməd özünü güllələyib).

Əvvəl anama demədik. Cənazəsi Bakıya gələn kimi, birbaşa “Təzə pir” məscidinə apardıq, kəfənlədib qoyduq tabuta. Bibiheybət məscidi yanında yerimiz vardı, Məhəmmədi orda basdırdılar. Anam əhvalatı biləndə huşunu itirdi. Tez-tez qəbir üstə gedirdi”.

Mənbələr:

  1. Manaf Süleymanov. Eşitdiklərim, oxuduqlarım, gördüklərim, Bakı-1987
  2. Manaf Süleymanov Azərbaycan milyonçular: Hacı Zeynalabdin Tağıyev, Bakı-1996.
  3. Əşir Bəşiroğlu Hamının sevimlisi, Bakı-2012.
  4. İshaq Səbi oğlu Axundzadə. Qəlbim hər zaman Lənkərandadır, Bakı-2019.
  5. https://teref.az/arasdirma/67253-milyonchu-tagiyevin-yegane-oglunun-facievi-olumu-gizli-tarix.html