SON XƏBƏRLƏR

Ayətullah Şeyx Yunis Fərəci Lənkərani (Qasımzadə) 1876-cı ildə Lənkəran rayonunun Gərmətük kəndində anadan olub [2].

O, 1884-cü ildən ilk öncə Gərmətük kəndində, daha sonra isə Lənkəran şəhərinin mədrəsələrində dini elmləri öyrənib [1]. Şeyx Yunis İran və İraqda təhsil alıb [1,2]. O, bir müddət Lənkəran mədrəsələrində, daha sonra isə şəhərdəki məscidlərin birində dini fəaliyyətlə məşğul olub.

Sovet dövründə alim hakimiyyət tərəfindən təzyiqlərə məruz qalıb. 1930-cu illərdə yerli bolşevik firqə üzvləri Şeyx Yunis Fərəci və bir neçə dini alimi kolxoz işlərində “yararsız adam” kimi Lənkərandakı Xalq Daxili İşlər Komissarlığı idarəsində olan siyahıya salıblar. Bu səbəbdən Yunis Fərəcinin evi müsadirə olunub, özü isə ailəsi ilə birgə buradan köçüb [1]. O, bir müddət Masallı və Cəlilabad ərazisindəki dağ kəndlərində yaşayıb [1,2]. Buna baxmayaraq, Şeyx Yunisin oğlu 1945-ci ildə Böyük Vətən müharibəsindən qayıtdıqdan sonra haqsız müsadirə olunan evi atasına qaytara bilib.

Şeyx Yunis Fərəci dini fəaliyyəti ilə yanaşı, həmçinin bədii yaradıcılıqla da məşğul olub.

Ayətullah Şeyx Yunis Fərəci Lənkərani (Qasımzadə) 27 mart 1988-ci ildə 112 yaşında dünyasını dəyişib. Alim Masallının Ləngan kəndinin qəbiristanlığında dəfn olunub [1].

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
  2. Adil Mövlayi. Qafqazda elm dünyasının ulduzları. 2013.