Şindan qalası haqqında bir əfsanə mövcuddur. Əfsanə Astara rayonunun Motalayataq kəndinin sakini İbrahim Nurulla oğlu Əkbərovun sözləri əsasında yazılıb [2].
Əfsanəyə görə, qədim zamanlarda Sım kəndində Gülbuta adlı bir qız yaşayırmış. Onu öz kəndlərindən olan Şindan və Əli adlı iki oğlan sevirmiş.
Qız onlara belə bir şərt qoyur: “Kim mənə tez bir zamanda qala tiksə, onunla da evlənəcəm”.
Şindanla Əli öz aralarında şərt kəsirlər ki, qalanı kim tez tikərsə, ocaq yandırıb tüstü qaldırsın, kim ləngiyərsə, özünü öldürsün. Hər ikisi bu şərtlə razılaşır. Şindan kəndin aşağısında, Əli isə kəndin başında qala tikməyə başlayır [1].
Gülbutanın səsini eşidən Şindanın qollarına qüvvət gəlir. O, qalanı sürətlə ucaltmağa başlayır. Bunu görən Əli dostları ilə məsləhətləşib, hiyləyə əl atır. O öyrənir ki, Şindan evə dan ulduzu (Venera planeti) doğanda gəlir.
Əli gecəni yatmır. Dan ulduzu doğanda tonqal yandırıb tüstü qaldırır. Bunu görən Şindan özünü qaladan atıb, öldürür. Əli onun meyitini götürüb, öz qalasının yanına qoyur, özü isə Şindanın tikdiyi qalanın başına çıxaraq, Gülbutanı gözləyir.
Səhər Gülbuta gəlir və Şindanı yerində görməyəndə təəccüblənir. Qız məsələni anlayır və hiylənin üstünü açır. Bundan sonra Əlini hamı lənətləyir. Gülbuta isə ömrünün sonuna kimi Şindana yas saxlayır [1,2].
Ədəbiyyat:
- Yaşayan əfsanələr. Bakı-1973.
- Sədnik Paşa Pirsultanlı. Azərbaycan Türklərinin xalq əfsanələri. Bakı-2009.