SON XƏBƏRLƏR

“Padşah taxtı” adlı daş Astara rayonunun Sım kəndində, Ute məhəlləsində yerləşir. Bu daş təxminən e.ə. IV-III minilliklərə aid edilir. Yerli əhali qayanı “Potşuniştə sığ”, yəni “padşah oturan daş” adlandırır [2].

Daşın bu cür adlandırılması bir rəvayətlə bağlıdır. Həmin rəvayətə görə, Sım ərazisində padşah yaşayıb. Padşah bir daşın yuxarı hissəsində oturardı, aşağısında, sağ tərəfdə vəziri, sol tərəfdə isə vəkili əyləşərdi. Cinayət törədənlər çayın kənarında yerləşən daşın qabağına, padşahın yanına gətirilərdi. Mühakimə olunanlara ya yerində ölüm cəzası verərdilər, ya onları dərədən atardılar, ya da Ute məhəlləsindən təxminən 3 km yuxarıda, Bal qayasının (Anqivinəhal) arxasında dustaqxanaya, cəza çəkməyə göndərərdilər. Bu gün də həmin dustaqxananı və oradakı insan sümüklərini görmək mümkündür [3].

“Padşah taxtı” adlı daşın hündürlüyü 1,2 metr təşkil edir. Daşın bütün səthi taxt formasında işlənmişdir.

Hazırda həmin daşı Sım kəndində müşahidə etmək olar [1].

Ədəbiyyat:

  1. Tufan İsaak oğlu Axundov. Astarada 20 gün. Bakı-2009.
  2. Gülnar Əsədli. Nura qərq olmuş Astaram. Bakı-2004.
  3. https://sputnik.az/life/20210808/427619900/Sim-Shah-Ismayliin-neslinden-olan-alimlerle-Rustem-Zalin-pehlevan-nevelerinin-kendi.html