Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzi Masallı şəhərində, Heydər Əliyev küçəsi, 73-də yerləşir [3]. Masallı Mədəniyyət Evi 1956-cı ildə yaradılıb, 2012-ci ildən isə Rayon Mədəniyyət Mərkəzi adı altında fəaliyyət göstərir [1].
Mərkəzin binası 3 mərtəbə, 17 otaqdan ibarətdir. Otaqlardan 9-u inzibati, 6-sı dərnək, 2-si kassa otağıdır [2]. Bundan əlavə, Mədəniyyət Mərkəzində 3 foye və 358 yerlik tamaşaçı salonu mövcuddur [2,3].
Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin foyesində ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşünü əks etdirən fotoguşə yaradılıb. Burada Prezident İlham Əliyevin ölkədə mədəniyyətin inkişafına, bu sahədə böyük əmək sərf edən insanlara diqqət və qayğısını əks etdirən fotolar da nümayiş edilir [1].
Masallı rayon Mədəniyyət Mərkəzinin 38 filialı var. Mərkəzdə 12 dərnək və 1 xalq teatrı fəaliyyət göstərir. Mərkəzin nəzdində fəaliyyət göstərən xalq teatrı 1-ci Respublika Xalq Teatrları Festivalında 3-cü yeri tutub. Mərkəzin nəzdində olan kollektivlər də müxtəlif mükafatlara layiq görülüblər [2].
Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzi 2011-2013-cü illərdə əsaslı təmir olunub [1].
Ədəbiyyat:
- https://president.az/az/articles/view/9212
- https://intangible.az/front/az/moreOrganizations/1144
- https://kataloq.gomap.az/az/all-poi/culture/concern-club/8faf9620d56611e0ad4900226424597d
