SON XƏBƏRLƏR

Qızılağac Milli Parkı Xəzər dənizinin cənub-qərb sahilində, Lənkəran rayonu ərazisində, Lənkəran şəhərinin mərkəzindən 35 km aralıqda, Sara yarımadası istiqamətində yerləşir [1]. Qoruq 3 iyun 1929-cu ildə yaradılıb, 26 sentyabr 2018-ci ildə isə Milli park statusunu alıb [1,7]. Bu Milli parka Qızılağac körfəzi, Kiçik Qızılağac körfəzi və onların sahil zonası daxildir [1].

Bu ərazidə qızılağacın çoxluğundan, qoruq onun adını daşıyır. Qızılağac meşələrin kənarında, çay və göl sahillərində böyüyən geniş qırmızı yarpaqları olan bir ağacdır [3].

Sahəsinə görə Azərbaycanda birinci, yaranma tarixinə görə isə üçüncü qoruqdur. Milli parkın ilkin sahəsi 180 min hektar idi, hazırda isə 88,4 min hektar təşkil edir.

Qızılağac Milli parkının yaradılmasında əsas məqsəd ərazidə təbii kompleksin öyrənilməsi, burada məskunlaşmış bitkilərin, heyvanların qorunması və onların saylarının artırılmasıdır [2].

Qızılağac qoruğu 1976-cı ildə YUNESKO-nun “Su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər haqqında” Konvensiyasının (Ramsar Konvensiyası) quşların məskunlaşması üzrə 12 beynəlxalq əhəmiyyətli qoruq sırasına daxil edilib. Bu səbəbdən də Milli parkın ərazisi beynəlxalq əhəmiyyətli qoruq hesab olunur [5].

Respublikanın “Qırmızı Kitabı”-na düşən quşların əksər növləri Milli parkda və onun sərhəd ərazilərində müşahidə olunur. Burada 248 növ quş, 30 növdən çox balıq və bir çox başqa heyvanlar saxlanılır [1]. Milli parkda ildə 300 növə yaxın quşlar məskunlaşır: qıvrımlələk qutan, çəhrayı qutan, qara leylək, dəniz qartalı, məzar qartalı, boz kəklik, turac, adi dovdaq, sultantoyuğu, ərsindimdik, çəhrayı flaminqo və s. Buraya hər il Qərbi Sibirdən, Qazaxıstandan, Cənubi Uraldan, Şimali Avropadan bir çox quşlar qışlamağa köçüb gəlirlər [6].

Milli parkla yanaşı, burada 1978-ci ilin fevralından Kiçik Qızılağac Dövlət Təbiət Yasaqlığı da fəaliyyət göstərir. O, Kiçik Qızılağac körfəzinin orta və cənub hissəsində yaradılıb [4].

Ədəbiyyat:

  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  2. https://www.azerbaijans.com/content_488_az.html
  3. https://limandra.ru/blog/lenkoran/
  4. Azərbaycan Milli ensiklopediyası. Bakı-2007.
  5. https://525.az/news/149382-gozelliyi-ile-goz-oxsayan-qizilagac-milli-parki-arasdirma
  6. https://www.youtube.com/watch?v=3ey1RyXJfPE
  7. https://nationalparks.az/parklar/qizilagac-milli-parki
Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər