SON XƏBƏRLƏR

Şeyx Zahid 1215-ci ildə Lənkəran rayonunun Siyavurd (indiki Siyavar) kəndində anadan olub. Şeyx Zahidin əsl adı Tacəddin İbrahim Kurdi Səncani idi. Zahid onun təxəllüsüdür, ərəb dilindən “dünyanın zövq və nemətlərindən əl çəkib vaxtını ibadətlə keçirən dindar adam” mənası verir.

İbrahimin gənc yaşında “Zahid” təxəllüsünü alması barədə bir hekayə var. Onun müəllimi, məşhur sufi (İslam təriqətlərindən biri) alimi Seyid Cəmaləddin, İbrahimə tarlaya getməyi, orada pambıq yığıb, təmizləməsini əmr edir. İbrahim işə başlayır və bu zaman əlində olan hər sapın, hər qamışın qızıl və gümüşə çevrildiyini görür. O, heç birini götürmədən yerə atır. Bu zaman Seyid Cəmaləddin çıxır və İbrahimi tərifləyir: “Zahid! Yaxşı ki, bu qızıl və gümüşü götürmədin”.

XIII əsrdə Talışın ərazisi Gilanın tərkibində olduğu üçün Şeyx Zahid özünə “Gilani” təxəllüsü götürmüşdür. Şeyx Zahid ərəb, fars, gilan, talış, kürd dillərini mükəmməl bilir və bu dillərdə şeirlər yazmışdır.

Lənkəranın Hiləkəran kəndində fəaliyyət göstərmiş Şeyx Zahid məktəbi dövrünün ən keyfiyyətli təhsil verən elm ocaqlarından biri idi. Şeyxin şagirdlərinin arasında Səfəvilərin ulu babası müqəddəs Şeyx Səfiəddin olub. Şeyx Zahid qızını ona ərə verib. Məhz bu səbəbdən Səfəvilər ana tərəfdən Şeyx Zahid nəslindən hesab olunurlar.

Şeyx Zahid 1300-cü ilin mart ayında Siyavarda vəfat edib, orada da dəfn olunub. Onun qəbri sonradan Hiləkəran (indiki Şıxəkəran) kəndinə köçürülüb.

Mənbələr:

  1. Алескерова Н. Э. Начальный ширванский период в развитии братства Халватийа (вторая половина XIV — первая половина XVI в.) Вестник Санкт-Петербургского Университета Сер. 13 Вып. 4
  2. Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı 2017
  3. Həsənoğlu H. Azərbaycanın dini tarixi abidələri, ziyarətgahları. 2005
  4. Süleyman Gökbulut. İbrahim Zahid Gilani üzerine bir inceleme.