SON XƏBƏRLƏR

Kanə-hi ziyarətgahı Astara rayonunun Sım kəndi ərazisində yerləşir.

“Kanə-hi” sözü talış dilindən tərcümədə “köhnə bağ” (köhnə əkin yeri) mənasını verir. Ziyarətgah XVII əsr və ondan sonrakı dövrlərdə kəndə gələn Səfəvi şeyxlərinin nəsli ilə bağlıdır.

Kanə-hi ziyarətgahında Şeyx Abbasın oğulları: Şeyx Saleh, Şeyx Molla Fərəc Əfəndi, həmçinin Şeyx Məmməd və Şeyx Sovqat dəfn olunublar. Şeyx Molla Fərəcin iki nəvəsi, Şeyx Məmmədağanın və Şeyx Molla Əzizağanın məzarları da bu qəbiristanlıqda yerləşir. Qəbiristanlıqda onlardan başqa, 600-dən çox qəbir var [1].

Şeyx Salehin ölümündən öncə son sözləri belə olmuşdur: “Kim hər hansı mətləb üçün qəbrimi ziyarət etsə, niyyətinə çatacaq”. Hazırda Sım kəndində yaşayanların bir çoxu Şeyx Saleh nəslinin törəmələridir [2].

İslam dinini təbliğ edən Sım şeyxləri XIII əsrdə Ərdəbil mahalında sufi-dərviş ordenlərindən birinin banisi sayılan Şeyx Səfiəddin əl-İshaq əl-Musəvi əl-Ərdəbilinin (1252-1334) nəslindəndirlər. Şeyxlər nəslinin nümayəndələri bu günədək Astara rayonunun bir çox yaşayış məntəqələrində yaşayırlar [1].

Ədəbiyyat:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Gülnar Əsədli. Nura qərq olunmuş Astaram. Bakı-2004.