Böyükağa Sultan oğlu Talışxanov 1882-ci (1883-cü) ildə Lənkəran rayonunun Boladi kəndində, ziyalı ailəsində anadan olub [1,2]. O, əslən ərdəbilli şahsevənlər nəslindən idi [2].
Talışxanov ilk təhsilini Lənkəranda etnoqraf və folklorşünas alim Teymur bəy Bayraməlibəyovun rus-müsəlman məktəbində alıb [1]. Bayraməlibəyov şagirdini həmin illərdə Lənkəranda fəaliyyət göstərən, şair Mirzə İsmayıl Qasirin rəhbərlik etdiyi “Fövcül-füsəha” (Natiqlər yığıncağı) ədəbi məclisinə gətirib. Talışxanov Azərbaycan və talış dillərində yazdığı şeirləri ilə həmin məclisin fəal üzvlərindən biri idi [2].
Böyükağa atası Sultan bəydən ərəb və fars dillərini öyrənib. Daha sonralar isə bu dillərdə tərcümələr edib.
Teymur bəyin təklifi ilə Böyükağa təhsilini davam etdirmək üçün Bakıya gedib. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra, Böyükağa təhsilini indiki Bakı Dövlət Universitetində davam etdirib [2]. 1922-ci ildə təhsilini bitirdikdən sonra o, Boladi kəndinə qayıdıb [1].
1922-ci ildə Böyükağanın səyi nəticəsində Boladi kəndində dördsinifli birinci dərəcəli Şura Zəhmət məktəbi açılıb. Talışxanov 1928-ci ilədək bu məktəbin direktoru işləyib [3]. O, deyirdi: “Öz dili olmayan cəmiyyət ölüdür”.
Talışxanov Qəza Maarif Şöbəsinin müdiri Zülfüqar Əhmədzadənin köməyi ilə xüsusi proqram hazırlayıb, Cənub bölgəsində talış dilinin qrammatikasını uşaqlara öyrədib.
Rus alim Boris Vsevolodoviç Miller 1925-ci ildə Lənkəranda olarkən Talışxanovla tanış olub.
Talışxanovun şeirləri Azərbaycanın “Həyat”, “Şəlalə”, “Qurtuluş”, “İqbal”, “Tərcüman”, Hindistanın “Həblu-lmətin”, İranın “Nasiri”, Misirin “Çöhrənnuma” qəzetlərində dərc olunub. Onun şeirləri, həmçinin Lənkəranda “Siə Talış” (Qızıl talış) rayon qəzetində çap edilib. Həmin şeirlər Talışxanovun nəvəsi Böyükağa Sultanovun şəxsi arxivində bu gün də qorunub saxlanılır [2].
Talışxanov Müsavat Partiyasına meyil göstərməkdə, onun lideri Məmməd Əmin Rəsulzadə ilə gizli əlaqə saxlamaqda günahlandırıldı. 1927-ci ildə 45 yaşında o, sovet hökuməti tərəfindən repressiya olunaraq Bakıya aparıldı və bir daha geri qayıtmadı [1]. Ölümündən sonra, 1956-cı ildə ona bəraət verildi [2].
Ədəbiyyat:
- Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
- https://kaspi.az/az/nakam-mrun-ucalii
- İsabala Xankişiyev, Etibar Əhədov. Boladi. Bakı-2003.