SON XƏBƏRLƏR

Kiçik bazar məscidi Lənkəran şəhərinin şərqində, Xəzər dənizi sahilinə yaxın ərazidə yerləşir. Həmçinin də Hüseyniyyə adlanan məscid, təxmini 1904-1906-cı illərdə inşa edilib. İbadətgah yerli sakinlərin vəsaiti ilə tikilib. İbadət evinin tikintisinə din xadimi Hacı Məhəmməd Axundzadə rəhbərlik etmişdir. Məscidin binası qırmızı kərpicdən tikilib.

Məscidin inşası başlayarkən, çar höküməti binanın tikintisinə icazə verməmişdir. Bir gün Hacı Məhəmməd təsadüfən İrandan Lənkərana qonaq gəlmiş bir şəxsə bu məsələni danışır. Bir neçə vaxtdan sonra iranlı qonaq yenidən Lənkərana gələrək, məscidin tikintisinə icazə verilməsi haqqında qərarı Hacı Məhəmmədə çatdırır.

Məscidin “Güldəstə” adlı minarəsi var idi. 1930-cu illərdə sovet hakimiyyəti “dinlə mübarizə” adı altında minarəni dağıtmışdır, məscidin binası isə anbar kimi istifadə edilmişdir. 1987-ci ildən məscid kimi fəaliyyəti bərpa edilmişdir. İbadətgahda eyni vaxtda 250 nəfər namaz qıla bilər.

2010-cu ildə məsciddə Hacı Məhəmmədhüseyn Cəfərovun və digər dindarların vəsaiti ilə hündürlüyü 24 metr olan minarə tikilib. Yeni minarə qırmızı kərpicdən hörülüb. Onun üzərində ağ kərpiclə ərəbcə yazılar var.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlər ensiklopediyası. Bakı-2001.
  2. Həşim Həsənoğlu. Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyidləri, övliyaları. Bakı-2005.
  3. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2014.
  4. Azərbaycanın seçilmiş İslam abidələri. Bakı-2015.
  5. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
    Foto Cenublu.az
    Foto Cenublu.az

    Foto Cenublu.az
    Foto Cenublu.az